Qətərdə futbol üzrə dünya çempionatının açılışı olub

Qətərdə regional boykot və beynəlxalq tənqidlərdən sonra Yaxın Şərqdə futbol üzrə ilk dünya çempionatının açılışı olub. Tədbirdə dünya ölkələrinin liderləri və dünyanın bir sıra ölkələrindən neftlə zəngin ölkəyə gələn minlərlə futbol azarkeşi iştirak edib.

Qətər əmiri Şeyx Təmim bin Həməd Əl-Səni Dünya Kubokunu açaraq, bütün irqlər, inanclar və oriyentasiyadan olan insanları fikir ayrılıqlarını bir kənara qoymağa çağırıb.

Qətər çempionat ərəfəsində xarici işçilər və LGBT hüquqlarına münasibəti ilə bağlı kəskin tənqidlər, həmçinin çempionatın keçirilməsi hüququnu əldə etmək üçün beynəlxalq futbol federasiyası (FIFA) rəsmilərinə rüşvət vermək ittihamı ilə üzləşib.

“Bütün irqlərdən, millətlərdən, dinlərdən və oriyentasiyalardan olan insanlar həyəcanlı anları bölüşmək üçün Qətərdə və bütün qitələrdə ekranların ətrafına toplaşacaqlar” - deyə, Şeyx Təmim çıxışında bildirib. “İnsanların müxtəliflikləri və onları nəyin birləşdirdiyini qeyd etmək üçün onları ayıran şeyləri bir kənara qoyması çox gözəldir,” o bildirib.

Qətər əmiri Şeyx Təmim stadiona FİFA prezidenti Canni İnfantinonun müşayiəti ilə gəlib.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, Misir, Türkiyə və Əlcəzair prezidentləri, eləcə də Birləşmiş Millətlər Təşkilatının baş katibi Qətər və Ekvador arasında keçirilən ilk oyundan əvvəl stadionda liderlər arasında olublar.

FİFA-nın vasitəçiliyi ilə həm fələstinlilər, həm də israilliləri çempionata cəlb etmək üçün imzalanan razılaşmanın bir hissəsi olaraq, ölkələr arasında rəsmi ikitərəfli əlaqələrin olmamasına baxmayaraq, Tel-Əvivdən ilk dəfə olaraq Dohaya birbaşa uçuş icra edən təyyarə bazar günü Qətərdə enib.

Qətərin baş nazirinin müavini Xalid Əl-Attiya dövlət mediasına danışarkən bildirib ki, Qətər illərlə “gərgin iş və düşünülmüş planlaşdırılmanın” bəhrəsini görür.

Noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçirilən dünya çempionatı futbol tarixində ən bahalı dünya çempionatı hesab olunur. Bu, həm də Yaxın Şərqdə keçirilən ilk dünya çempionatıdır.

ABŞ dövlət katibi Antoni Blinken noyabrın 21-də hər il keçirilən ABŞ-Qətər Strateji Dialoqa dair konfransında iştirak etmək məqsədilə Qətərə səfər edib. Blinken səfər çərçivəsində Qətərin yüksək səviyyəli rəsmiləri ilə görüşəcək.