ABŞ Dövlət Departamentinin nümayəndəsi Kemeron Millard Azərbaycanda səfərdədir

Kemeron Milard (Foto ABŞ səfirliyinindir)

ABŞ Dövlət Departamentinin yeni təyin olunmuş nümayəndəsi Kemeron Millard Azərbaycanda səfərdədir.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatına görə, Kemeron Milard Bakıda səfirliyin komandası ilə görüşəcək.

“O həmçinin müxtəlif rəsmi şəxslər, iqtisadi və siyasi məsələlər üzrə ekspertlər və ABŞ hökumətinin digər tərəfdaşları ilə görüşəcək. Səfər zamanı Kemeron Azərbaycan haqqında daha çox öyrənib, o cümlədən mədəniyyət ocaqlarını ziyarət edəcək. Kemeron görüşləri zamanı ABŞ-ın Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəklədiyini və ABŞ-ın Cənubi Qafqazın sülhsevər gələcəyinin təşviqinə sadiq qaldığını qeyd edir,” səfirliyin məlumatında deyilir.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Kemeron Milard noyabrın 18-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ilə görüşüb.

“ABŞ Dövlət Departamentinin nümayəndəsi Kemeron Milard ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşdığını deyib, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb,” Azərbaycan Milli Məclisinin məlumatında deyilir.