Niderland məhkəməsi MH17-nin Rusiya istehsalı raketlə vurulduğuna qərar verib

Malayziya Hava Yollarına məxsus MH17 reysi 2014-cü ildə Ukraynanın şərqindəki bir sahədən atılan Rusiya istehsalı olan raketlə vurulub. Bunu təyyarənin vurulması ilə bağlı 4 şübhəlinin mühakiməsinə baxan Nideland məhkəməsi cümə axşamı bildirib.

"Məhkəmə MH17-nin Pervomaysk yaxınlığındakı ferma sahəsindən BUK raketinin atılması nəticəsində vurulduğu, nəticədə 283 sərnişin və 15 ekipaj üzvünün hamısının həlak olduğu qənaətindədir" - deyə, hakim Hendrik Stinhuis deyib.

Məhkəmənin qərarı ilə iki rus və bir moskvayönlü ukraynalı separatçı qiyabi olaraq təqsirli bilinib və onlara ömürlük həbs cəzası verilib. Bir rusiyalıya dəlil olmadığı üçün bəraət qazandırılıb.

"Məhkəmə sübut olunmuş ittihamları o qədər ağır adlandırır ki, yalnız mümkün olan ən yüksək həbs cəzasının məqsədəuyğun olacağı qənaətindədir", Stinhuis deyib.

Qərar Amsterdamdan Kuala-Lumpura uçan Boeing 777 təyyarəsinin Ukrayna səmasında vurulması nəticəsində 298 sərnişin və ekipaj üzvünün hamısının həlak olmasından səkkiz ildən çox müddət sonra çıxarılıb.

2014-cü il iyulun 17-də havada partlayış və qəza rusiyayönlü üsyançılarla Ukrayna qüvvələri arasında münaqişə zamanı baş verib.

Stinhuis deyib ki, məhkəmə Ukraynanın şərqindəki separatçı qüvvələrin zamanında Rusiyanın ümumi nəzarətə malik olduğuna inanır. Qəza nəticəsində dağıntılar və cəsədlər əkin və günəbaxan sahələrinə səpələnib.

Ukrayna prezidentinin müşaviri Mıxaylo Podolyak Reuters agentliyinə bildirib ki, qərar “rusların törətdiyi hər bir hərbi cinayətin sənədləşdiriləcəyi, araşdırılacağı və nə qədər vaxt aparmasından asılı olmayaraq nəticəyə çatdırılacağına” dair güclü siqnaldır.

Moskva dəfələrlə MH17 təyyarəsinin vurulmasına görə məsuliyyəti rədd edib.

Rusiya Xarici İşlər Nazirliyi noyabrın 17-də Hideland məhkəməsinin rəyini "tədqiq edəcəyini" bildirib.

Moskvada keçirdiyi brifinqdə Xarici İşlər Nazirliyinin sözçünün müavini İvan Neçayev jurnalistlərə deyib: "Biz bu qərarı öyrənəcəyik, çünki bütün bu məsələlərdə hər bir nüans vacibdir. Hüquqi sənədi öyrəndikdən sonra yəqin ki, şərh verməyə hazır olacağıq".