Noyabrın 17-də Bakı Apellyasiya Məhkəməsində heyvan haqları müdafiəçilərinin apellyasiya şikayətinə baxılıb. Sentyabrın 27-də Xətai Rayon Məhkəməsi "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin əməkdaşları Günel Musayeva və Cəlal Məlikovun şikayəti əsasında heyvansevər fəallar cərimələnib. Fəallar bu qərardan apellyasiya şikayəti veriblər.
İddia ərizəsində yazılıb ki, heyvansevərlər hər iki əməkdaşın fotosunu və "Toplan"da işlədiyini paylaşandan sonra onların müştərilərinin sayı kəskin azalıb. İddiaçılar onların ictimai nüfuzlarına xələl gətirildiyini əsas göstərirlər.
Təhqir və böhtan əməllərində ittiham olunan Aynur Babazadə, Nicat İsmayılov, Elxan Mirzəyev və İlhamə Nəsirovadan 100 000 manat məbləğində təzminat tələb edilib.
Müdafiə tərəfinin vəkili Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib ki, onlar məhkəmədən bəraət istəyiblər və bu iddianın əsassız olduğunu deyiblər:
"Heyvansevərlər heç kimi təhqir etmək niyyətində olmayıblar. Onlar dəfələrlə "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin önündə aksiya keçiriblər, amma heç bir dövlət qurumu buna reaksiya verməyib. Biz birinci instansiya məhkəməsində də bildirmişdik ki, heyvanların hüquqlarını çox az insan müdafiə edir və heyvanların hüquqlarını müdafiə etmək daha çətindir, nəinki insanların. Çünki heyvanlar dilsizdir və heç biri gəlib şikayət edə bilmir. Bu işlə məşğul olan insan azdır, onları da cəzalandırıb, heyvanları müdafiə etməkdən çəkindirirlər. Heyvansevərlər heyvanların qayğısına öz hesablarına, ya da ianələr vasitəsiylə qalır, məhkəmə isə onları yüksək məbləğdə cərimə edib. Bu şikayətin məqsədi Mərkəzin önündə təşkil olunan aksiyaları dayandırmaq olub".
Vəkil deyir ki, iddiaçılar onlara dəyən zərəri sübuta yetirə bilməyiblər, buna baxmayaraq, Xətai Rayon Məhkəməsi onların iddialarını təmin edib və heyvansevərləri cərimə edib.
"Bizim çıxışımıza baxmayaraq, Apellyasiya Məhkəməsi də şikayətimizi təmin etmədi və qərarı qüvvədə saxladı"- deyə, Sadıqova bildirib.
Fəallardan biri Elxan Mirzəyevin sözlərinə görə, o, başqasının yazdığını paylaşdığı üçün məhkəmə onu da cərəmələyib. buiddiaçılardan birinin iddiası ilə ona bəraət verilsə də, həmin iddia ilə bağlı mənəvi zərərə görə cərimə hökmü çıxarılıb. Mirzəyev bildirib ki, buna baxmayaraq, Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb:
"Biz Apellyasiya Məhkəməsindən sonra kassasiya şikayəti verəcəyik və Ali Məhkəməyə üz tutacağıq. Mənim bu cəriməni ödəməyə imkanım yoxdur, hətta Dövlət Məşğulluq Agentliyində işsiz kimi qeydiyyata da alınmışam. Ali Məhkəmənin qərarından sonra isə biz Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyik".
Mirzəyev deyir ki, bu məbləğ onlar üçün yüksək məbləğdir və onların himayəsində qayğısına qaldığı bir neçə heyvan var.
"Mənim himayəmdə 18 pişik, 15 it var və hamısı xəstə, yaxud da əlildir. Onların yemək və müalicə məsələləri var. İlhamə Nəsirovanın da himayəsində bir neçə dənə it var, eləcə də Nicat İsmayılovda da vəziyyət eynidir" - deyə, fəal bildirib.
Heyvansevərlər bir neçə dəfə "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin önündə etiraz aksiyası keçiriblər. Etirazçılar iddia edir ki, mərkəzdə küçədən toplanan itlər məhv edilir. Onların əsas tələbi mərkəzin ictimaiyyət qarşısında şəffaf fəaliyyət aparması, qapılarını könüllülərə açması, itlərə nə edildiyi haqqında onlara məlumat verilməsidir.
Sentyabrın 27-də Xətai Rayon Məhkəməsinin qərarı ilə İlhamə Nəsirova 1000, Elxan Mirzəyev 1000, Aynur Babazadə 1500, Nicat İsmayılov isə 2000 manat məbləğində cərimə ödəməlidir. Mənəvi zərərə görə isə Aynur Babazadə 1000, Nicat İsmayılov 1000, İlhamə Nəsirova 700, Elxan Mirzəyev 500 manat məbləğində kompensasiya ödəməlidirlər.
İddiaçılar məhkəmədə iştirak etməyiblər.