Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) göndərilən, baxılmasını gözləyən şikayətlərin sayında artım tempi müşahidə olunur.
Bu barədə Amerikanın Səsinə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının Monitorinq qrupunun rəhbəri Xalid Ağaliyev bildirib.
Hüquqşünas deyir ki, AİHM-in yeni açıqlanmış statistik məlumatlarına görə, hazırda məhkəmə qarşısında Azərbaycandan göndərilmiş 2200 ərizə baxılmasını gözlənilir.
Ekspert hesab edir ki, bu göstərici əvvəlki illərin rəqəmləri ilə müqayisədə çoxdur.
"2021-ci ilin sonunda Azərbycandan göndərilmiş 2092, 2020-ci ilin sonunda 2040, 2019-cu ilin sonunda isə 1950 ərizə baxılmasını gözləyirdi. Azərbaycan bu göstərici üzrə Avropa Şurasına üzv ölkələr sıralamasında 8-cidir" , Ağaliyev bildirir.
Onun sözlərinə görə, baxılmasını gözləyən ərizələrin sayına görə Türkiyə ilk sıradadır.
Belə ki, Türkiyədən göndərilmiş 19 min 850 ərizə məhkəmənin icraatındadır. Bu göstərici AİHM-ə daxil olmuş, icraata qəbul edilmiş ərizələrin hamısının 26,3 faizi deməkdir.
"İkinci sırada 17 min 50 ərizə (22,6 faiz) ilə Rusiya, 3-cü yerdə isə 10 min 750 ərizə (14,3 faiz) ilə Ukrayna gəlir. Rumıniyadan 4950, İtaliyadan 3850, Yunanıstandan 2850, Polşadan 2600 şikayət baxış gözləyir. 8-ci pillədəki Azərbaycandan sonra Serbiya (1700 şikayət) və Ermənistan (1250) gəlir. Yerdə qalan 37 Avropa Şurası ölkəsinin payına düşən şikayətlərin birlikdə sayı 8300-dür" - deyə, o əlavə edib.
Xalid Ağaliyev qeyd edir ki, ümumilikdə, AİHM-ə daxil olan şikayətlərin sayında artım nəzərə çarpır. Hazırda məhkəmə qarşısında ümumilikdə 75350 şikayət baxılmasını gözləyir. 2021-ci ilin sonunda 70150 ərizə, 2020-ci ilin sonunda isə 62 min ərizə məhkəmə baxışını gözləyirdi.
Bundan əlavə o bildirir ki, ötən illərdə isə vətəndaşlar daha çox ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusundan şikayət edib. Bundan sonra azadlıq və toxunulmazlıq hüququnun pozulmasından şikayət ediblər.Bunlar da daha çox özbaşına qanunsuz həbslərlə, saxlanılmalarla bağlıdır.
Qeyd : Amerikanın Səsinin ölkənin rəsmilərindən bununla bağlı şərh almaq cəhdi baş tutmayıb. Amma bu ilin fevralında yerli mediaya açıqlama verən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib ki, əhalinin sayına görə şikayətlərin sayına baxdıqda, Azərbaycan Avropa Şurasının üzv dövlətləri arasında bir çox qonşu və Qərbi Avropa ölkələrinin arxa sırasında qalaraq üçüncü onluqda yerləşir. Onun sözlərinə görə, ötən iyirmi il ərzində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Azərbaycanla bağlı 200-dən çox qərar qəbul edib ki, bu qərarlarda Avropa Konvensiyası müddəalarının pozulması müəyyən edilib.
Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına isə Avropa Şurası Nazirlər Komitəsi baxır.
Avropa Şurası Nazirlər Komitəsinin son bilgilərinə görə, indiyə qədər Avropa Məhkəməsinin Azərbaycanla bağlı 300-dən artıq qərarının icrası nəzarətə götürülüb. Həmin qərarlardan 44-nün icrasına nəzarət qapadılıb. 265 qərarın icrasına nəzarət davam etdirilir. Azərbaycan hakimiyyəti Avropa Şurası Nazirlər Komitəsinin qərarlarına hələ münasibət bildirməyib. Amma bir qayda olaraq, kompensasiyaların ödənildiyi deyilir.