Rusiya Ukrayna şəhərləri və mühüm infrastruktura raket zərbələri endirib

Rusiyanın raket zərbələrindən sonra Ukraynanın Lviv şəhəri üzərində tüstü qalxır, 15 noyabr 2022.

Kyiv şəhərinin meri Vitali Kliçkonun bildirdiyinə görə, Rusiyanın çərşənbə axşamı Ukrayna paytxtına raket hücumu nəticəsində azı bir nəfər ölüb. Kliçko həmçinin Kyivin yarısının işıqsız qaldığını, şəhərin mərkəzi hissəsində iki yaşayış binasının zədələndiyini deyib.

Rusiya Ukraynanın şəhərləri və enerji obyektlərinə raket zərbələrini Ukrayna prezidenti Volodimir Zelenskinin Böyük İyirmilər qrupunun (G20) liderlərinin Balidə sammitində videomüraciətindən sonra Rusiyanın işğalını pisləyən bəyanatı müzakirə etdiyi zaman endirib.

Rusiya raketləri Kyiv, Lviv, Rivne, Xarkiv, Krivoy Roq, Poltava, Odessa və Jitomir şəhərləri də daxil olmaqla 12 regionda mühüm infrastruktura zərbələr endirib.

Lvivdə bütün şəhərdə elektrik enerjisi kəsilib. Xarkiv meri İhor Terekov bildirib ki, şəhərdə mühüm infrastruktur obyektləri zədələnib.

“Enerji təchizatı ilə bağlı problemlər var. Yerüstü elektrik nəqliyyatı və metro dayandırılıb,” o, Telegram kanalında yazıb.

Rivne vilayətinin qubernatoru Vitali Koval bölgədə raket hücumlarının həyata keçirildiyini, lakin Rivne şəhərində itkilərin olmadığını bildirib.

Xarici işlər naziri Dmitri Kuleba hücumları Rusiyanın Ukraynanın sülh danışıqları çağırışlarına cavabı kimi qiymətləndirib.

“Rusiya raketləri hazırda insanları öldürür və bütün Ukraynada infrastrukturu dağıdır. Sülh danışıqları məsələsində Rusiyanın dedikləri budur. Ukraynaya Rusiyanın ultimatumlarını qəbul etməyi təklif etməyi dayandırın! Bu terroru ancaq silahlarımızın gücü və prinsiplərimiz dayandıra bilər”- deyə, Kuleba Twitter səhifəsində yazıb.

Altı həftə əvvəl Rusiya Xerson və Ukraynanın daha 3 vilayətinin ilhaq edildiyini elan edib. Xerson müharibə başlayandan bəri Rusiya tərəfindən tutulan yeganə regional şəhər idi.