Noyabrın 14-15-də Dərbənd şəhərində Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının 12-ci iclası keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, iclasda Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının 2022-ci il üzrə planlaşdırılan bütün tədbirlərinin uğurla yerinə yetirildiyi bəyan edilib, Azərbaycan və Rusiya arasında dövlət sərhədinin beynəlxalq hüquqi rəsmiləşdirilməsi üzrə işlər barədə müzakirə aparılıb, habelə komissiyanın 2023-cü il üçün iş planına baxılıb və təsdiq edilib.
Azərbaycan və Rusiya arasında sərhədlərin delimitasiyası 2010-cu ilin 21 dekabrında “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında” Müqavilənin imzalanması ilə başa çatıb.
2013-cü il iyunun 21-də “Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyası haqqında” Əsasnamə təsdiq edilib. Əsasnaməyə uyğun olaraq Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyası yaradılıb.
Azərbaycan-Rusiya sərhəddin uzunluğu 327,6 kilometrdir. Bunun 55,2 kilometri çay, 272,4 kilometri quru, 22,4 kilometri isə dəniz sahəsini əhatə edir.
Rusiya ilə Azərbaycan arasında avtomobil, dəmir yolu və piyada keçidləri yerləşir.