"Mariupol. İtirilməmiş ümid" filmi

Your browser doesn’t support HTML5

"Mariupol - İtirilməmiş ümid" filmi

"Mariupol. İtirilməmiş ümid" Ukraynadakı müharibəyə həsr olunmuş yeni sənədli filmdir. Noyabrın əvvəlində ABŞ-da premyerası olub və müharibədə sağ qalmağı bacaran adi insanların gözü ilə göstərir.

Mariupol sakinləri Rusiyanın işğalının başlanğıcının necə hiss etdiyini, müharibə reallıqlarını xatırlayırlar.

"Mariupol. İtirilməmiş Ümid”"adlı sənədli filmin premyerası noyabrın əvvəlində ABŞ-da - Nyu Yorkda baş tutub.

Filmdə Ukrayna-Polşa sərhədindəki qaçqınlara yardım mərkəzlərində üç ay işləyən tibb həkimi və könüllü Gillian Zeldin diqqət mərkəzindədir.

O, həmçinin Ukrayna hərbçilərinə taktiki əməliyyatda yaralananlara necə kömək etməyi öyrədib.

"Sadəcə kənarda dayanmaq istəmədim. Beləliklə, getdim və özümə yer tapdım, orada bir çox xəstə gördüm. Mən orada xidmət edən iki israilli həkim qrupunun himayəsi altında işləyirdim" – deyə, Gillian bildirib.

Roman Qorodenski Mariupolun müdafiəsinə kömək edənlərdən biri idi. Mariupolda bir qolunu və bir ayağını itirib və ruslara əsir düşüb. Qorodenski deyir ki, ona işgəncə verilib və o, məhbus mübadiləsi zamanı azad edilib.

İndi o, ABŞ-da müalicə və bərpa keçməkdədir.

"Ümid edirəm ki, tezliklə normal yeriyəcəm, qolum və ayağım da normal işləyəcək. Bundan sonra düşünürəm ki, yenidən Ukrayna Silahlı Qüvvələrinə qoşulacam" – deyə, Qorodenski qeyd edib.

Sənədli film mariupollu jurnalist Nadejda Suxorukovanın qeydləri və Rusiya işğalının ilk ayını yaşayan Mariupol sakinlərinin gündəlikləri əsasında hazırlanıb.

Filmin rejissoru Maks Litvinov deyir ki, Ukrayna Prodüserlər Təşkilatı tərəfindən istehsal olunan film bütün Rusiya dezinformasiyaları arasında həqiqəti işıqlandırır.

"Onların bu müharibənin necə ədalətli olduğu və öz səbəbləri ilə bağlı Avropaya soxuşdurmağa çalışdıqları nağılllar. Sadəcə bilirdik ki, bütün bu yalanlara qarşı duracaq həqiqəti göstərməliyik" – deyə, Sənədli Film Rejissoru Maks Litvinov bildirib.

Sənədli filmdə ukraynalılar bildiriblər ki, dünya Mariupolda baş verənlərdən agah olmalı və xatırlamalıdır.

"Mülki insanların – anamın, nənəmin və bu faciəli müharibədən sağ çıxan on minlərlə insanın səsini eşitmək bizim üçün vacib idi" – deyə, Mariupol meri Vadim Boyçenko bildirib.

Ukrayna rəsmiləri deyirlər ki, film həm də Rusiyanın hərbi cinayətlərinin sübutunu göstərir.

"Mən əminəm ki, bu sənədli film Haaqadakı cinayət işi zamanı istifadə olunacaq. Bunun baş verməsi üçün hər şeyi edəcəyəm" – deyə, Vadim Boyçenko qeyd edib.

"Mənim şəhərim haqqında həqiqəti söylə" – jurnalist Nadejda Suxorukovanın bu qeydi sənədli filmi yekunlaşdırır və sağ qalan ukraynalıların ümidlərini tərənnüm edir.