Noyabrın 11-də Azərbaycan sərhədçiləri İrandan narkotik maddə qaçaqmalçılığına cəhdin qarşısını alıblar.
Dövlət Sərhəd Xidmətinin noyabrın 14-də yaydığı məlumatında deyilir ki, İmişli rayonunun Qaragüvəndikli kəndi (Bakıdan 230 kilometr cənub-qərb) yaxınlığında Qazax rayon sakini Orxan Sadıqov saxlanılıb.
Baxış zamanı saxlanılan şəxsin üzərindən 9,9 kiloqram narkotik vasitə (9,3 kiloqram marixuana, 100 qram tiryək və ümumi çəkisi 500 qram olan 400 ədəd metadon-40 həbi) aşkar edilib.
Saxlanılan Orxan Sadıqovun yaxınları və vəkili hələ bu məlumata münasibət bildirməyib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının 2022-ci ilin yanvar-sentyabr aylarını əhatə edən dövr üçün məlumatına görə, bu ilin doqquz ayı ərzində Azərbaycanda ümumi dəyəri 168 milyon 635 min manat (təxminən 99 milyon dollar) olan 4 ton 827 kiloqramq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Dövriyyədən çıxarılan narkotik vasitələrin böyük hissəsinin İrandan gətirildiyi bildirilir. Belə ki, Azərbaycan hüquq-mühafizə orqanları demək olar ki, hər həftə İrandan ölkə ərazisinə gətirildiyi ehtimal edilən yüz kiloqramlarla narkotikin tutulması barədə məlumatlar yayır.
İranla sərhəddə narkotik qaçaqmalçıları ilə Azərbaycan sərhədçiləri arasında tez-tez atışmalar olduğu barədə rəsmi məlumatlar yayılır. Atışmalar zamanı bir neçə narkotacir, sərhədçi öldürülüb və ya yaralanıb.
Azərbaycan və İran rəsmilərinin görüşlərində narkotik qaçaqmalçılığının qarşısının alınması ilə bağlı məsələlər dəfələrlə müzakirə edilsə də, qanunsuz narkotik daşınması artmaqda davam edir.
Azərbaycanın Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, 2021-ci ildə qanunsuz dövriyyədən ümumilikdə 6 tondan çox narkotik vasitələr və psixotrop maddə çıxarılıb.
Komissiyasının digər məlumatında deyilir ki, Azərbaycandan bir neçə qanunsuz tranzit narkotik marşrutu keçir. Bunlar İran - Azərbaycan, İran - Azərbaycan - Rusiya - Yaponiya, İran – Azərbaycan - Gürcüstan - Avropa, İran - Azərbaycan - Rusiya - Ukrayna marşrutlarıdır.