Səkinə Piran Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti azadlığa buraxılıb

Səkinə Piran

İranda kütləvi etirazlar zamanı həbs edilən azərbaycanlı Universitet tələbəsi Səkinə Piran Təbriz Mərkəzi Həbsxanasından zaminə buraxıldığı bildirilir.

Piran sentyabrın 29-da Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və dindirildikdən sonra Təbriz həbsxanasına köçürülüb.

İnsan haqları üzrə fəaliyyət göstərən Ərk cəmiyyətinin yaydığı məlumata görə, azərbaycanlı türk tələbə bir həftə müddətində təhlükəsizlik qüvvələrinin təcridxanasında dindirilib.

Səma (Səkinə) Piran

Sosial mediada dərc olunan xəbərlərə görə, təhlükəsizlik qüvvələri onu Təbrizin Abresan küçəsində döyərək həbs edib.

İran Azərbaycanının xəbər saytlarında dərc olunan bilgilərə görə, Piranın 24 yaşı var, o, əslən Ərdəbil vilayətinin Muğan bölgəsindəndir və Təbriz şəhərində yaşayır.

Bundan əvvəl Səkinə Piranın ailəsinin məhkəmənin təyin etdiyi çox yüksək zəmanəti qarşılamaqda çətinlik çəkdiyi barədə məlumatlar yayılmışdı.