"D18 - Demokratiya 1918" Hərəkatının üzvü Orxan Zeynallı saxlanılıb.
Bu barədə hərəkatının sədri Əhməd Məmmədli Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, Orxan Zeynallı noyabrın 10-da axşam saatlarında evindən aparılıb:
"Noyabrın 10-da Orxana zəng vurub Bakı Şəhər Baş Polis İdarəsinə və Nərimanov rayonu 18-ci polis bölməsinə çağırıblar. O, rəsmi bildiriş olmadan getməkdən imtina edib. Axşam isə onu mülki geyimli şəxslər evdən aparıblar".
Əhməd Məmmədlinin sözlərinə görə, buna səbəb fəalın Facebook-da yazdığı status olub.
O bildirib ki, həmin statusda Orxan polisi tənqid edib:
“Tənqid isə bir ay əvvəl oğurlanan velosipedi ilə bağlı olub. O, bununla bağlı polisə şikayət etsə də, şikayətə müxtəlif bəhanələrlə baxılmırdı".
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev də "Turan"Agentliyinə bildirib ki, Orxan Zeynallı saxlanılıb, hazırda araşdırma aparılır. Amma araşdırmanın detalları açıqlanmayıb.