Bakı metrosunun 55 illik yubileyi münasibətilə retro vaqonlar nümayişə çıxarılıb

Bakı metrosunun yaranmasının 55 illik yubileyi münasibətilə metropolitenin əsas muzey eksponatlarından olan retro vaqonlar “İçərişəhər” stansiyasında nümayiş etdirilir.

“A” tipli vaqon: Keçmiş SSRİ-nin ilk metro qatarının tərkib hissəsi olan bu vaqonlar 1934-cü ilin sonunda istehsal edilib. Həmin vaqonlarda oturmaq üçün 52, ayaq üstə dayanmaq üçün 120 yer var. Bu vaqon Bakı metropoliteni xətlərində sərnişin daşımasa da, dizaynı, maşinist kabinəsi, işıqlandırma sistemi, oturacaqları və digər elementləri ilə diqqət çəkir.

“Q” tipli vaqon: 1950-ci illərin istehsalı olan bu vaqonların sonuncusu postsovet məkanında 1983-cü ildə xətdən çıxarılıb. Bakı metropoliteni istismara verilərkən bu vaqonların artıq istehsalı dayandırılıb. Bu səbəbdən də Bakıda sərnişindaşıma prosesinə cəlb olunmayıb. Hər iki vaqon 1960-cı illərin sonunda yolölçən qatarın tərkib hissəsi kimi Bakı metropoliteni üçün ayrılıb və 2015-ci ilə qədər xətlərdə yolların, həmçinin digər texniki parametrlərin ölçülməsi, tunellərin yoxlanılması məqsədilə istifadə olunub.

“E” tipli vaqon: 1959-cu ilin sonlarından istehsal olunmağa başlayan bu tipli vaqonlar Sovet İttifaqı dövründə beş şəhərin - Moskva, Leninqrad (Sankt-Peterburq), Kyiv, Bakı və Tbilisinin metropolitenlərinə göndərilib. O zaman Bakıya “E” tipli 47 ədəd vaqon çatdırılmışdı. 80-ci illərdən isə xəttə buraxılmaq üçün yalnız 81-717/714 tipli vaqonlardan ibarət qatarlar alınıb.

Stansiyada nümayiş olunan bu vaqonların sonuncusu 2011-ci ildə istismardan çıxarılsa da, metro sərnişinlərinin daha yaşlı nəsilləri üçün bu vaqonlar gənclik dövrlərinin xatirələrini canlandırır.

Vaqonlar noyabrın 6-dan 9-dək “İçərişəhər” stansiyasında nümayiş olunacaq.