Qərbi Azərbaycan vilayətinin Qoşaçay və Sayınqala şəhərlərində onlarla vətəndaş həbs edilib

İranda Məhsə Əmininin ölümü ilə bağlı keçirilən etiraz aksiyası

Hüquq müdafiəçilərinin məlumatına görə, İranda həftələrdir hökümət əleyhinə davam etməkdə olan geniş etirazlar fonunda Qərbi Azərbaycan vilayətinin Qoşaçay (Miyandab) və Sayınqala şəhərlərində bu yaxınlarda onlarla vətəndaş saxlanılıb.

Əslən Qoşaçay şəhərindən olan Mehran Şikari və Sayınqala sakini Nəsim Sıdqinin müvafiq olaraq Kərəc və Urmiyə şəhərlərində keçirilən aksiyalar zamanı təhlükəsizlik qüvvələri tərəfindən öldürülmələrinə dair xəbərlərin yayılmasından sonra hər iki şəhərdə vəziyyətin daha da gərgin olduğu bildirilir.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə məlumata görə, Urmiyə gölünün cənubunda yerləşən Qoşaçay şəhərində təqribən 50 həbs edilib.

Güney Azərbaycan Televiziyası (Günaz TV) və Araz News kimi xəbər saytları Qoşaçayda həbs edilən vətəndaşlardan 20 nəfərin adını yayıblar. Şəhram Səttarpur, Puya Cədidi, Məhəmmədhüseyn Davudi, Əlirza Mənəviyan, Əmin Fatimi, Fərzin Fəth-babayi, Hadi İrani, Hüseyn İmami, Mubin Şükürzadə, Mehyar Eşqi, Hamid Səidi, Əmir Şeyxi, Rza Pəhlivaniyan, Əli Səbzəlipir, Milad Əkbəriyan, Arəş Azadi, Sina Leysi, Fəramərz Purmuradi, Hamid Kəsirinin və Əli Haşimi adları yayılan siyahıdadır.

Sayınqala şəhərində saxlanılanlardan Babək Qabilnejadın adı yayılıb. O, şənbə günü təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Gənc qadın Məhsa Əmininin sentyabrın 16-da Tehranda əxlaq polisinin nəzarətində ikən ölümündən sonra İran Azərbaycanı daxil olmaqla, ölkənin müxtəlif vilayətlərində baş qaldıran kütləvi aksiyalarda onlarla etirazçı öldürülmüş və minlərlə insan saxlanılıb.

Hüquq müdafiəçiləri həbs edilən, yaralanan və öldürülənlər arasında çox sayda azyaşlının olduğunu bildirir. Həbsxanalarda yeniyetmələrin ağır işgəncələrə məruz qaldığına dair xəbərlər yayılır.