"Ərzaq təhlükəsizliyi və qiymətlərin artması narahatlıq yaradan problemdir".
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində noyabrın 3-də "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov bildirib.
Deputatın sözlərinə görə, kənd təsərrüfatı sahəsində subsidiyalar olsa da, problemlər kifayət qədərdir.
"Gübrənin qiyməti kifayət qədər artıb. Gübrənin qiyməti ilə əlaqədar subsidiyanın məbləğinə də baxılmalıdır. Biz ərzaq təhlükəsizliyini təmin etmək istəyiriksə, kənd təsərrüfatının inkişafına diqqəti artırmalıyıq" , o qeyd edib.
Deputat Azərbaycanda süni qiymət artımı olduğunu da bildirib.
"İnflyasiya nə qədər olsa da, süni qiymət artımı daha çoxdur. Biz bir neçə təklif verdik. Ərzaq məhsullarının əlavə dəyər vergisi (ƏDV) endirilsin. Buna getmək lazımdır. Biz nə qədər maaşları artırsaq da, artan inflyasiyanın qarşısını ala bilməyəcəyik. Sosial müdafiədən söhbət gedirsə, hamı pul almır. Bu da nəzərə alınmalıdır. Bizi narahat edən əsasən, aztəminatlı təbəqədir. Bu təbəqəyə şərait yaratmaq lazımdır ki, ən azından özlərini gündəlik ərzaqla təmin edə bilsinlər" , Əhmədov deyib.
Bizi narahat edən, əsasən, aztəminatlı təbəqədir. Bu təbəqəyə şərait yaratmaq lazımdır ki, ən azından özlərini gündəlik ərzaqla təmin edə bilsinlər,Vahid Əhmədov, Milli Məclisin deputatı
Deputat qiymət artımının ən çox dərmanlarda müşahidə edildiyini bildirib.
"Dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsinə baxmayaraq, bu sahədə ciddi monitorinqlərə ehtiyac var. Necə olur ki, Türkiyədən gətirilən dərman Azərbaycanda 7-8 dəfə baha qiymətə satılır? Bu, əhalini ən çox narahat edən problemdir".
Əhmədov kreditlərin verilməsində, girov məsələsində problemlərə diqqət çəkib.
"Azərbaycanda investisiya fondları yaradılmalıdır, vəsaitlərdən istifadə etmək lazımdır. 20%-lə kredit verirlər. Bu, çox ciddi problemdir. Bank sahəsində digər ciddi problem girov məsələsidir. 5 il girov götürürlər. Bəs sahibkar 5 il nə etsin?" o sual edib.
İqtisadçı Nemət Əliyev Amerikanın Səsinə müsahibəsində deyib ki, hökumətin vədlərinə baxmayaraq, Azərbaycan özünü ərzaqla tam təmin edə bilmir.
Your browser doesn’t support HTML5
"Azərbaycan özünü ərzaq buğdası ilə 60 faiz ətrafında təmin edə bilir. Qalan hissəni Rusiya və Qazaxıstandan almalı oluruq".
Onun fikrincə, hökumət ərzaq təhlükəsizliyi sahəsində vəzifəsini yerinə yetirməyib.
Ekspert hesab edir ki, Rusiya-Ukrayna müharibəsi ölkədə ərzaq təhlükəsizliyinə və infilyasiyanın dərinləşməsinə dərhal təsir göstərib.
"Düzdür, müharibə Azərbaycanda ərzaq qıtlığı şəklində özünü göstərmədi. Ancaq qiymətlərin bahalaşmasına səbəb oldu. Təsadüfi deyil ki, ölkə rəhbərləri bahalaşmanı idxalla əlaqələndirirlər. Açıq şəkildə etiraf edirlər ki, ölkədə bahalaşmanın əsas katalizatoru idxalla bağlıdır".
Düzdür müharibə Azərbaycanda ərzaq qıtlığı şəklində özünü göstərmədi. Ancaq qiymətlərin bahalaşmasına səbəb oldu.Nemət Əliyev, ekspert
Nemət Əliyev hesab edir ki, Dövlət Statistika Komitəsinin ölkədə infilyasiyanın 13-14 fazi olması ilə bağlı hesablamaları reallığı əks etdirmir.
"Bu ilin 6 ayı ərzində ölkədə ümumi infilyasiya 37,5 faiz olub. Müharibənin Avropa ölkələrinin idxalına təsirlərinin daha çox olmasına baxmayaraq, məsələn Almaniyada infilyasiya 8-9 faiz təşkil edir. Azərbaycanda bu rəqəm hansı səbəbdən 40-50 faiz olmalıdır? Burada doğrudur, idxal bahalaşması da var. Amma Rusiya Federal Statistika Xidmətinin məlumatına görə, bu ölkədən ixrac məhsullarının qiyməti 3-4 faiz bahalaşıb. Qazaxıstanda idxal olunan məhsullar 6-8 faiz intervalında bahalaşıb. Qonşu Gürcüstanda idxal məhsulları 8-10 faiz bahalaşıb. Baxın, Azərbaycan Dövlət Statistika Komitəsinin açıqlamaları var ki, 2017-ci ilin ortalarından başlyaraq idxal infilyasiyası haradasa 20-22 faizin üzərindədir. Bu, necə ola bilər?" o qeyd edib.
Ekspertin qənaətincə, ölkədə qiymətlərin bahalaşmasının əsas səbəbi gömrük sistemi və hökumətin qiymət siyasəti ilə bağlıdır.