Rasim Musabəyov: Azərbaycanın rəsmi mövqeyi xarici ölkələrin daxili işlərinə müdaxilə etməməkdən ibarətdir

Rasim Musabəyov Foto arxiv. Mənbə :VOA

"Azərbaycanın rəsmi mövqeyi xarici ölkələrin daxili işlərinə müdaxilə etməməsidir".

Bu sözləri Amerikanın Səsinə müsahibəsində Azərbaycan millət vəkili Rasim Musabəyov İrandakı etiraz hərəkatının Azərbaycana təsirlərini şərh edərkən deyib.

Your browser doesn’t support HTML5

Rasim Musabəyov: Azərbaycanın rəsmi mövqeyi xarici ölkələrin daxili işlərinə müdaxilə etməməkdən ibarətdir

"Humanitar bir ehtiyac yarandığı halda Azərbaycan dövlət kimi də bunu edə bilər. Ancaq o, İranın rəsmən daxili işlərinə qarışmamaq mövqeyindən daim çıxış edib. Bu prinsipial Azərbaycanın mövqeyidir," millət vəkili vurğulayıb.

Bundan əlavə Musabəyov Azərbaycanın hadisələrə biganə qalmadığını da qeyd edib.

"Azı ona görə ki, qonşu dövlətdir. Orada milyonlarla bizim soydaşlarımız yaşayır. Onlara qarşı dövlət tərəfindən kobud zorakılıq baş verdiyi halda, dövlət rəsmi reaksiya verməsə belə, Azərbaycan ictimaiyyəti buna biganə qalmayaraq öz etirazını təbii çatdıracaq. Öz etiraz səsini qaldıracaq. Biz bunu müşahidə edirik. Mətbuatda ziyalılarımız, siyasi xadimlərimiz, ictimai xadimlər İranda baş verən hadisələrə narahatlığımı bildirirlər. Bu məsələləri diqqətlə izləyirlər," o bildirib.

Son zamanlar İran və Azərbaycan arasında diplomatik sahədə fikir ayrılıqları yaranıb. Tərəflər bir-birini ittham edir. Bu fikir ayrılıqları hərbi təlimlərlə də müşahidə edilməkdədir.

Belə ki, oktyabrın 17-dən başlayaraq İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qüvvələri İranın Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin şimalında yerləşən Əraks (Araz) bölgəsində hərbi təlimlər keçirib.

İRNA agentliyinin məlumatına görə, SEPAH-ın quru qoşunları komandanı Məhəmməd Pakpur bildirib ki, "bu təlimlərin qonşu ölkələr üçün mesajı sülh, dostluq və sabit təhlükəsizliyin möhkəmləndirilməsi, düşmənlər üçün isə İranın digər Silahlı Qüvvələri ilə birlikdə quruda yerləşən SEPAH-ın ölkə sərhədlərini qorumaq və istənilən təhdidlərə cavab verməyə hazır olmasıdır".

Bu il iyulun 19-da İranın ali dini lideri Əli Xameneyi twitter səhifəsində bildirib ki, İran-Ermənistan sərhədini blok etmə siyasəti varsa, İran buna qarşı çıxacaq, çünki bu sərhəd min illərin əlaqə yoludur.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərdən iki həftə sonra, noyabrın 2-də Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin ölkənin İranla həmsərhəd olan cənub ərazilərində hərbi təlimləri başlayıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilən təlim planına əsasən hərbi hissələr "Həyəcan" siqnalı ilə qaldırılıb.

"Daimi dislokasiya məntəqələrini tərk edən xüsusi təyinatlılar əməliyyat rayonlarına çıxarıldıqdan sonra komandirlərin məruzələri dinlənilib və tapşırıqlar dəqiqləşdirilib. Hərbi Hava Qüvvələrinin, Raket və Artilleriya Qoşunlarının təlimə cəlb olunan hissə və bölmələri təyin edilmiş aerodromlara və rayonlara cəmləşdirilib. Plana uyğun olaraq təlimin növbəti mərhələlərində xüsusi təyinatlı bölmələr onları dəstəkləyən Hərbi Hava Qüvvələri, eləcə də Raket və Artilleriya Qoşunlarının bölmələri ilə qarşılıqlı əlaqədə bir sıra tapşırıqları icra edəcəklər" , Müdafiə Nazirliyi qeyd edib.