Azərbaycanda mülki şəxs minaya düşüb

Noyabrın 2-də Cəbrayıl rayonunun Mehdi adlanan ərazisində 1972-ci il təvəllüdlü İlqar Əhmədovun minaya düşdüyü bildirilir.

Respublika prokurorluğunun məlumatına görə, ilkin araşdırmalarla təmir-tikinti işləri ilə məşğul olan şirkətin sürücüsü Əhmədovun rayonun Mehdili kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hadisə ilə bağlı Cəbrayıl rayon Prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, 2020-ci ildə müharibə bitdikdən sonra mina qurbanlarının sayı 262 nəfərə çatıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Tərtər rayonunda baş verən mina hadisəsindən sonra bir daha vətəndaşlara xəbərdarlıq edib.

"ANAMA vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırır" , xəbərdarlıqda deyilir.

2020-ci il noyabrın 10-da müharibə başa çatdıqdan sonra Azərbaycanda 262 nəfər minaya düşüb, onlardan 44 nəfəri həlak olub.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya, və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin fikrincə, bu ərazilərdə yüz minlərlə mina var.