Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti İran xüsusi xidmət orqanları tərəfindən yaradılan silahlı birləşməni ifşa etdiyini bildirir

Dövlət Təhlükəsizliyi Xidməti (Foto Dövlət Təhlükəsizliyi Xidmətinindir)

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmənin ifşa edildiyi barədə məlumat yayıb.

Məlumatda deyilir ki, əməliyyat-istintaq tədbirləri ilə “İran xüsusi xidmət orqanının nəzarəti altında, radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə Azərbaycan vətəndaşlarından ibarət gizli yaradılmış qanunsuz silahlı birləşməyə rəhbərlik 2018-ci ildən barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilən, hazırda İranda gizlənən Tohid İbrahimbəyli, Rövşən Əsədov, Orxan Məmmədov, Elşad Hacıyev (Əkrəm Hacızadə) və digərlərinə həvalə edilməsi müəyyən edilib”.

“Ötən müddət ərzində qanunsuz silahlı birləşmə tərəfindən əsasən əvvəllər müxtəlif cinayətlərə görə məhkumluğu olan, habelə özlərini “Müsəlman Birliyi Hərəkatı” adlandırdıqları təşkilatın üzvü hesab edən şəxslərin sırasından seçilmiş Azərbaycan vətəndaşları üçüncü ölkələrin ərazisindən keçirilməklə İranın Tehran şəhərinə, oradan isə təqdim olunmuş saxta sənədlərlə hərbi yük təyyarələrində Suriyanın Dəməşq şəhərinə aparılıb. Onlar Suriya ərazisində müxtəlif odlu silahlardan istifadə qaydaları və döyüş taktikasının öyrədildiyi hərbi təlimlərə cəlb edilib, təlimlərdə iştirak etmiş hər bir şəxsə təqdim olunan qəbzlərə imza etdirməklə müxtəlif məbləğlərdə pul vəsaitləri verilib,” məlumatda bildirilir.

DTX bildirir ki, qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakı müəyyən edilən 19 nəfər Azərbaycan vətəndaşı istintaqa cəlb olunub.

“Cinayət işi üzrə əvvəllər məhkum edilmiş Iskəndər Hüseynov, Tural Haqverdiyev, Eltun Şükürov və digərləri Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək saxlanılıb.

Eyni zamanda hazırda İranda məskunlaşan Ruhulla Axundzadə və digərləri tərəfindən qruplaşma üzvlərinə müxtəlif tapşırıqların verilməsi barədə materiallar da aşkar edilib. Qruplaşma üzvlərini hərbi təlimlərə cəlb edənlərdən biri olan Orxan Əsədov üçüncü ölkə ərazisində terror aktına cəhd edərkən həbs olunub. Araşdırmalar zamanı həmçinin qeyd olunan hərbi təlimlərə cəlb edilən Fəqan Məmmədovun daha sonra İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşınla Azərbaycana çatdırılan, üzərində dini məzmunlu şüarlar yazılmış köynəklərin respublikanın bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylanmasını təşkil etməsinə əsaslı şübhələr müəyyən edilib,” məlumatda qeyd edilir.

Dövlət Təhlükəsizliyi Xidməti hər hansı qanunsuz silahlı birləşmələrdə iştiraka cəlb edilən Azərbaycan vətəndaşlarına qarşı ən kəskin tədbirlərin görüləcəyini, onların ciddi cinayət məsuliyyəti ilə üzləşəcəklərini vurğulayır, xarici xüsusi xidmət orqanlarının hər hansı formada təsir dairəsinə düşmələri barədə ölkənin təhlükəsizlik orqanına vaxtında məlumat vermələrinin zəruriliyinə dair onları xəbərdar edir.

Bununla yanaşı barələrində cinayət təqibi olan şəxslər, onların yaxınları və ya vəkilləri, həmçinin İran rəsmiləri Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına hələ münasibət bildirməyib.