Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Emin Axundov oktyabrın 31-də 15 saatdan çox saxlanıldıqdan sonra noyabrın 1-də günorta saatlarında sərbəst buraxılıb.
Emin Axundovun atasının verdiyi məlumata görə, oktaybrın 31-də Abşeron rayonun Polis İdarəsinin iki polis əməkdaşı onun evinə gələrək onu aparıb.
"Onlar deyiblər ki, Emini "əhəmiyyətsiz bir məsələ" ilə bağlı aparırlar və narahat olmağa dəyməz," o bildirib.
Daxili İşlər Nazirliynin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, Emin Axundov sosial şəbəkələrdə nəşrləri ilə əlaqədar polisə çağırılıb.
"Məlum olub ki, onun yazdıqlarının heç bir hüquqi əsası yoxdur. Hazırda araşdırma aparılır," Hacıyev Emin Axundovun saxlanıldığı zaman bildirib.
O, Axundovun konkret olaraq nə yazdığına dəqiqlik gətirməyib.
Emin Axundov təsdiq edib ki, onu Facebook-dakı nəşri ilə əlaqədar Abşeron rayon Polis İdarəsinə aparıblar.
"Əvvəlcə 535.1-ci maddə (polisin qanuni tələblərinə tabe olmama) ilə protokol tərtib etmək istədilər, amma sonra fikirlərini dəyişdilər," Axundov bildirib.
O qeyd edib ki, saxlanılmazdan əvvəl sildiyi nəşr polis əməkdaşlarına aid olub.