Oktyabrın 29-da İranda keçirilən kütləvi etiraz aksiyalarında həbs olunanların məhkəməsindən yayımlanan videoda həbs edilənlər arasında gənc universitet tələbəsi Məhəmməd Cavad Tərbiyətin də olduğu görünüb.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, Tehranda hüquq fakültəsinin tələbəsi və Türkiyə türkcəsi müəllimi Məhəmməd Cavad Tərbiyət sentyabrın 22-də Tehranda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək naməlum yerə aparılıb.
Bir aydan çox müddətdə heç bir xəbər alınmadıqdan sonra İran İslam Respublikasının Xəbərlər şəbəkəsində kütləvi etiraz aksiyalarında həbs olunanların ilk məhkəməsi yayımlanan zaman Məhəmməd Cavad Tərbiyətin başqaları arasında olduğu göstərilib.
İran mediasında yayımlanan məlumata görə, həmin məhkəmənin ilk iclası oktyabrın 29-da Tehran Ümumi və İnqilab Məhkəməsində keçirilib və bu məhkəmə iclasları həbs edilən etirazçıların mühakiməsi bitənə qədər davam edəcək.
Twitter istifadəçiləri hakim Əbülqasım Sələvatinin siyasi fəallara ağır cəzalar verdiyi ilə bağlı keçmişini nəzərə alaraq, bu məhbusun vəziyyətindən narahat olduqlarını bildirirlər.
Hələ ki, Məhəmməd Cavad Tərbiyətə qarşı irəli sürülən ittihamlarla bağlı məlumat yoxdur.
İranda 22 yaşında gənc qadın Məhsa Əmininin sentyabrın 16-da Tehranda əxlaq polisinin nəzarətində ikən ölümündən sonra İran Azərbaycanı daxil olmaqla, ölkənin bir çox vilayətlərində kütləvi etiraz aksiyaları baş tutub.
İnsan hüquqları təşkilatları ölkədə baş qaldıran etiraz aksiyalarında 266 nəfərin 37-si uşaq daxil olmaqla həyatını itirdiyini bildirib.