Ukrayna vətəndaşları Azərbaycanda uzun müddət qala biləcək

Azərbaycan Ukrayna (Arxiv foto, Mənbə VOA)

Azərbaycandakı Ukrayna vətəndaşları uzun müddət ölkədə qala biləcək.

Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov Amerikanın Səsinə deyib ki, qanunvericiliyə görə Ukrayna vətəndaşlarının ölkədə qalma müddəti 90 gündür.

“Lakin Ukraynadakı vəziyyətlə əlaqədar olaraq bu ölkədən Azərbaycana gələn vətəndaşların müraciətləri nəzərə alınır,” o qeyd edib.

Müşahidəçilər Rusiya-Ukrayna müharibəsi başlayandan sonra on minədək Ukrayna vətəndaşının Azərbaycana gəldiyini təxmin edir. Bununla yanaşı, bu ilin aprelində Dövlət Miqrasiya Xidmətinin rəsmisi bu quruma 6163 nəfər Ukrayna vətəndaşının müraciət etdiyini bildirib. Müşahidəçilər həmçinin minlərlə Ukrayna vətəndaşının Dövlət Miqrasiya Xidmətinə müraciət etmədən Azərbaycanda yaşadığı qənaətindədir.