VİP sədri Əli Əliyevə qarşı açılan dördüncü cinayət işi üzrə məhkəmə iclası keçirilib

Your browser doesn’t support HTML5

Oktyabrın 28-də Bakının Sabunçu rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsilə (qəsdən sağlamlığa xəsarət yetirmə) kamera yoldaşını döymək ittiham ilə açılan cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Əli Əliyev bu ilin yanvar ayının 13-dən etibarən həbsdədir. O, Dövlət Sərhəd Xidmətinin zabiti Emil Cəfərovun şikayəti əsasında böhtan ittihamı ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Həbsdə olduğu müddətdə partiya sədrinə qarşı daha 2 cinayət işi açılıb və həbs müddəti 1 ilədək uzadılıb. Bu günki məhkəmə baxışı təyin edilən cinayət işi Əli Əliyevə qarşı açılan sayca 4-cü cinayət işidir.

Hakim Anar Rzayevin sədrliyi baş tutan prosesdə Əli Əliyev iştirak edib. O, ittihamı rədd edərək onu uydurma və siyasi motivli adlandırıb. Partiya sədri çıxışı zamanı bir neçə vəsatət qaldırıb.

Rüfət Səfərov, hüquq müdafiəçisi: "Əli Əliyev vəsatətlərində göstərdi ki, onun daha əvvəl saxlanıldığı kameralardakı məhkumlar mütləq məhkəmə istintaqı zamanı dindirilsin. Və Əli Əliyevin dustaq kimi karakteri, özünü aparması və s şeylər onlar tərəfindən də təsdiqlənsin. Əli Əliyev istintaqı aparan prokuror Ləmbaranskinin hərəkətlərini tənqid etdi və hesab etdi ki, prokurorluq, DİN hazırkı siyasi hakimiyyətin əlində bir vasitədir".

Əli Əliyev çıxışı zamanı hakimdən açılmış yeni cinayət işinə xitam verilməsini tələb edib. Dövlət ittihamçısı prosesdə siyasi motiv olmadığını, cinayət işinə xitam verilməsi üçün heç bir əsas olmadığını bildirib.

Partiya sədri səhhətindəki problemlərlə, saxlanılma şəraiti ilə bağlı da vəsatət qaldırıb.

Məhkəmə iclasında hüquq müdafiəçiləri, jurnalistlər, eyni zamanda ABŞ-nin Bakıdakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri də iştirak edib.

Cahan Əliyeva, VİP sədri müavini: "Zala girəndə gördük ki, zal tamamilə adamlarla doludur. Demək olar ki, eyni yaşda olan adamlar, çox güman ki bunlar tələbələr idi. İcraçılara sual veriləndə ki, bunlar kim tərəfdən iştirak edir məhkəmədə? Onlar bildirdilər ki, bu gələnlər prosesi izləmək istəyən azad insanlardır. ABŞ səfirliyindən nümayəndə var idi deyə, zala elə bir görüntü vermək istəyirlərdilər ki, burda açıq məhkəmə keçirilir, hər kəsi buraxırlar. Təbii ki, biz bu haqda nümayəndəyə məlumat verdik."

Prosesdə qaldırılan heç bir vəsatət təmin edilməyib. Növbəti məhkəmə iclası 5 noyabr, saat 10:00-a təyin olunub.