Azərbaycanda xüsusi karantin rejiminin müddəti gələn ilədək uzadılıb

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı tətbiq edilən xüsusi karantin rejimi gələn ilin yanvarın 1-dək uzadılıb.

Bu barədə Nazirlər Kabineti müvafiq qərar qəbul edib.

Qərara əsasən bu, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə edilir.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 noyabr saat 06:00-dək uzadılmışdı.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə xüsusi karantin rejimi tətbiq edilib.

Hazırda Azərbaycanda bütün qadağalar ləğv edilib. Azərbaycanın quru sərhədləri koronavirus pandemiyası başlayandan bağlanıb. Hazırda dünyanın bir çox ölkəsi quru sərhədlərini insanların keçidi üçün açsa da, Azərbaycanın sərhədləri hələ də bağlıdır.

Quru sərhədlərini insanlar yalnız hökumətin xüsusi icazəsi ilə keçə bilir. Son illərdə yüzlərlə Azərbaycan vətəndaşı Rusiya ilə quru sərhədini keçə bilmədiyindən bu ölkədəki düşərgələrdə aylarla gözləməli olub. Təyyarə biletləri isə çox baha olduğundan bir çox insan üçün əlçatımlı deyil.