Azərbaycanın Xarici İşlər Nazirliyi İranda törədilən terror aktı ilə bağlı başsağlığı verib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi Twitter hesabında məlumat yayıb.
"İranın Şiraz şəhərindəki Şah Çeraq ziyarətgahında baş verən terror aktına təəssüf edirik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik" , nazirlik bildirib. "Azərbaycan terrorla üzləşmiş bir dövlət olaraq onun bütün forma və təzahürlərini qəti şəkildə pisləyir".
İRNA agentliyinin məlumatına görə, oktyabrın 26-da Şiraz şəhərində Şah Çeraq ziyarətgahında baş verən terror nəticəsində 15 nəfər ölüb, 27 nəfər yaralanıb.
Təhlükəsizlik qüvvələrinin hücumda əli olmaqda şübhəli bilinərək iki silahlını saxladığı, üçüncünün isə hələ də azadlıqda olduğu qeyd edilir.
İran prezidenti İbrahim Rəisi bildirib ki, terror aktı İranın düşmənlərinin törətdiyi növbəti cinayətdir.
Rəisi əlavə edib ki, keçmiş təcrübələr göstərir ki, düşmənlər iranlılar arasında parçalanma yaratmaqda uğursuzluqlarını terror və zorakılıq aktları ilə kompensasiya edir.