Oktyabrın 26-da Azərbaycan Ali Məhkəməsində Milli Şuranın üzvü Tofiq Yaqublunun kassasiya şikayətinə baxılıb.
Tofiq Yaqublu 2020-ci ilin sentyabrında yol-nəqliyyat hadisəsi ilə bağlı 4 il, 3 ay müddətinə həbs edilib. Həbsdə olduğu müddətdə Bakının Suraxanı Rayon Məhkəməsi onu anasının yas mərasimində iştirak etmək üçün Gürcüstana getməsinə icazə verməkdən imtina edib.
Tofiq Yaqublu Suraxanı rayon məhkəməsinin imtina qərarından apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.
Hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən bu günkü prosesdə Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qərarından verilən şikayət təmin edilməyib.
"Biz hesab edirik ki, hətta təmin edilsə belə, pozuntu vardı. Çünki, dini ayinlərdir, şəxsi həyatla bağlı məsələlərdə xüsusilə də şəxsin yaxın ailə üzvlərinin xəstə məqamında yanına buraxılmaması və yaxud da dini ayinlərin də icrası üçün müddət var. O müddət keçdikdən sonra nisbətən mənəvi olaraq insan o acını azaltmış hesab olunur və nəticə olaraq, müəyyən müddətdən sonra o dini ayinlərin icrasının mahiyyəti də itir".
Vəkil Aqil Layıc bildirib ki, bu məhkəmə işində Avropa İnsan Haqları konvensiyasının 8 və 18-ci maddələri pozulub. Onun sözlərinə görə, Tofiq Yaqublu ədalətli məhkəmə araşdırması hüququndan məhrum edilib.
Tofiq Yaqublu məhkəmə iclası zamanı hakimin qərarını etirazla qarşılayıb. O, məhkəmədən ədalətli qərar gözləmədiyini də qeyd edib.
"Anam ömrünün son günlərində də məni arzulayırmış, gözü qapıda imiş ki, indi gələrəm. Evdəkilər də gələcəyimi deyirlər iş. Çünki o vaxt biz müraciət etmişdik. Bəziləri inanırdılar ki, bir halda ki bu cinayət işini saxta qurublar, heç olmasa son günlərində anasının yanında olmasına şərait yaradarlar. Bunu etmədilər. Sonra anam rəhmətə getdi, dəfnində icazə vermədilər. Sonra mərasimlər oldu, heç birində icazə verilmədi yenə. Bu gün də Ali Məhkəmə İlham Əliyev nə demişdisə, onu bəyan etdi. Mən təəssüflənirəm".
Vəkil Aqil Layıc Ali Məhkəmənin qərarını aldıqdan sonra qısa müddət ərzində Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklərini bildirib.