Finlandiyalı diplomatlar Ankarada türkiyəli həmkarları ilə danışıqlar aparıb

Finlandiya və İsveçin NATO-ya üzv olmaq istəkləri şübhə altındadır. Belə ki, Ankara onların üzvlük iddialarına etirazını yeniləyib. Finlandiya nümayəndə heyəti Türkiyənin narahatlığını aradan qaldırmaq üçün son diplomatik səylərlə çərşənbə axşamı Ankaraya səfər edib.

Yerli mətbuatın məlumatına görə, finlandiyalı diplomatlar Ankarada türkiyəli həmkarları ilə bir günlük danışıqlar aparıblar. Görüş Helsinkinin Ankaranı NATO-ya üzv olmaq istəyinə razı salmaq üçün atdığı son diplomatik səydir. Atlantik alyansının genişlənməsi üçün bütün üzvlər razılaşmalıdır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya və İsveçin birləşmək cəhdi ilə bağlı qeyd-şərtlərini dilə gətirib, ölkələri Ankaranın terrorçu hesab etdiyi kürd qruplarına sığınacaq verməkdə ittiham edib. Bu ayın əvvəlində parlamentdə çıxış edən Ərdoğan Türkiyənin narahatlığını aradan qaldırmaq üçün həm Finlandiya, həm də İsveçin öhdəliklərini yaxından izləyəcəyini deyib. Ərdoğan bildirib ki, Türkiyə 40 ildir terrorla mübarizə aparan ölkə kimi güzəştə getməyəcək.

Oktyabrın əvvəlində Türkiyə lideri Stokholmu Ankara qarşısında götürdüyü öhdəliklərdən boyun qaçırmaqda günahlandıraraq, Türkiyənin düşmənlərinin İsveçdə sərbəst fəaliyyətlərini davam etdirdiyini bildirib. Bununla belə, Ərdoğan Türkiyənin tələblərini müzakirə etmək üçün İsveçin yeni seçilmiş baş naziri Ulf Kristersson ilə görüşməyə hazır olduğunu qeyd edib.

Ankara Xarici Siyasət İnstitutunun rəhbəri Hüseyn Bağcı deyib ki, Ərdoğan NATO-nun genişlənməsini bir fürsət kimi görür.

"Tayyib Ərdoğan bununla Türkiyə sövdələşmə prosesinin təsir rıçaqlarını artırmağa çalışır. Ola bilsin ki, sonda o, hə deyəcək, amma indi bir şey götürməlidir. Bu, hesablanmış bir hərəkətdir, lakin (bu) səhv hesablama olub-olmadığını, biz bunu görməliyik" - deyə, o əlavə edib.

Xəbərlərdə İsveçin bir çox təhlükəsizlik güzəştləri etdiyi bildirilir. Ankara terror cinayətlərinə görə axtarışda olan İsveç vətəndaşları da daxil olmaqla, onlarla insanın ekstradisiyasını tələb edir.

"Duvar" xəbər portalına analitik İlhan Uzgel deyib ki, Ərdoğanın əsas məqsədi Vaşinqtonun güzəştləridir.

"Finlandiya və İsveçin üzvlük təklifi, o, Qərbdən nəsə almaq üçün bu iki sövdələşmə fişindən istifadə etməyə çalışır. Bu ya (ABŞ prezidenti Co) Baydenlə görüş ola bilər; ABŞ-dan F-16 döyüş təyyarələrinin alınması, (və ya) seçkilər zamanı kənar dəstək ola bilər. Ərdoğanın seçkilərdən əvvəl daha yaxşı mövqe tutmasına kömək edəcək bir şey" , o qeyd edib.

Ərdoğan Türkiyənin 2023-cü ilin iyun ayına qədər keçirməli olduğu seçkilər ərəfəsində əksər rəy sorğularında zəifləyir.

Analitik Uzgel deyib ki, Ərdoğan iyun seçkilərindən əvvəl NATO üzərində təsir rıçaqlarından imtina etmək istəməyəcək.

"Məncə, o, seçkilərə qədər bundan istifadə edəcək. Bu, onun hazırda ehtiyac duyduğu bir rıçaqdır. Əgər o, ABŞ-dan kifayət qədər vacib bir şey almazsa. O, bütünlüklə seçkilərdə qalib gəlməyə fokuslanıb, çünki daxildə dəstəyini itirir. Deməli, o, seçkilərdə qalib gəlməlidir, ona görə də daxildə və ya xaricdə hakimiyyətdə qalmaq üçün əlindən gələni edəcək".

Analitiklər deyirlər ki, Ərdoğan NATO-ya, xüsusən də ABŞ-a qarşı durmağın onun dini və millətçi bazası arasında yaxşı rol oynadığını da anlayacaq. Bu o deməkdir ki, Finlandiya və İsveç alyansa qoşulana qədər uzun müddət gözləyə bilər.