Rişi Sunak Britaniyanın baş naziri postu uğrunda yarışda qalib gəlib

Britaniyanın Mühafizəkarlar Partiyasının yeni lideri Rişi Sunak Londonda partiyanın qərargahını tərk edir, 24 oktyabr 2022-ci il.

Rişi Sunak Britaniyada ən yüksək vəzifəyə namizədliyini bir dəfə irəli sürdü və məğlub oldu. İndi o başqa bir şans əldə edib - "Mən sənə demişdim" deyə bilmək şansı.

Böyük Britaniyanın keçmiş maliyyə naziri qalmaqallı baş nazir Boris Consonu Mühafizəkarlar Partiyasının lideri və baş nazir kimi əvəz etmək üçün yarışda Liz Trassdan sonra ikinci olub.

Trass 45 günlük fırtınalı müddətdən sonra istefa verib. Consonun geri qayıtmaq cəhdindən imtina etməsi Sunakı güclü namizəd edib.

Mühafizəkar liderlik yarışması Trassın vergiləri azaltmaq kimi iqtisadi planlarının ehtiyatsızlıq olduğunu və bunun xaosa yol açacağı barədə xəbərdarlıq edən Sunak üçün reabilitasiya ola bilər

Qalib gəlsə, o, Britaniyanın ağdərili olmayan ilk lideri və yüksək vəzifə tutan ilk hindu olacaq. 42 yaşlı Sunak həm də 200 ildən çox müddətdə ən gənc baş nazir olacaq. Qələbə əldə etmək üçün Sunak hələ də etik qalmaqallarla əlaqədar iflasa uğrayan Conson hökumətindən istefa verdiyinə dair rəqiblərinin iddialarını dəf etməlidir.

İyulun 5-də Sunak və Səhiyyə Naziri Sacid Cavidin təxminən eyni vaxtda istefaları zəncirvari reaksiyaya səbəb olub. 48 saat ərzində hökumətin təxminən 50 üzvü istefa verib və Conson istefa verməyə məcbur olub.

Sunak bunu siyasətdə “etimadın itirlməsini” bərpa etmək üçün etdiyini deyib. O həmçinin Trassı artan inflyasiyanın qarşısını almağın daha böyük prioritet hesab edildiyi zaman dərhal vergi endirimləri vəd edərək “nağıllar” təklif etməkdə günahlandırıb.

Sunak BBC-yə müsahibəsində “Yalan vədlə qalib gəlməkdənsə, ölkəmiz üçün doğru olduğuna inandığım və dəyərlərimə sadiq qaldığım şeylər uğrunda mübarizədə məğlubiyyəti üstün tuturam” deyib.

Sunak 1980-ci ildə İngiltərənin cənub sahilindəki Sauthemptonda hər ikisi Şərqi Afrikada doğulmuş hind əsilli valideynlərin ailəsində anadan olub. O, orta sinfə mənsub bir ailədə böyüyüb, atası həkim, anası isə əczaçı olub.

Kampaniyası zamanı o deyib ki, "mən mağazada işləyərək, dərman çatdıraraq böyümüşəm". O, valideynlərinin onu Britaniyanın ən gözəl və ən bahalı məktəblərindən biri olan Vinçester Kollecinə göndərmək üçün necə qənaət etdiyindən danışıb.

Orta məktəbdən sonra Sunak Oksford Universitetində siyasət, fəlsəfə və iqtisadiyyat üzrə təhsil alıb. Daha sonra o, Stanford Universitetində MBA dərəcəsi alıb.

Goldman Sachs investisiya bankında hedcinq fondunun meneceri kimi çalışıb və həyat yoldaşı Akşata Murti ilə tanış olduğu ABŞ-da yaşayıb. Cütlüyün iki qızı var. Britaniyaya qayıdan Sunak 2015-ci ildə Yorkşirdə Riçmondda Mühəfizəkarlar Pariyasından yeri özünə təmin edərək Parlamentə seçilib.

Britaniyanın 2016-cı ildə Brexit referendumunda o, Avropa İttifaqından çıxmağı dəstəkləyib və bu, Mühafizəkar hökumətin siyasətinə zidd olduğu üçün riskli karyera addımı olub.

Referendum Aİ-dən "çıxış"la nəticələnəndə Sunakın karyerası yüksəlməyə başlayıb. O, 2020-ci ilin fevralında pandemiyadan bir qədər əvvəl Conson tərəfindən maliyyə kansleri təyin edilib. Maliyyə naziri olmadan əvvəl nazirlikdə bir neçə vəzifədə çalışıb.

İlk kampaniyasında o, Trassın vergiləri azaltmaq və borclanmanı artırmaq planlarını tənqid edərək, inflyasiyanı nəzarət altına alacağına söz verib.

Bu, indi həmişəkindən daha çətin bir işdir.