Oktyabrın 21-də Azərbaycan Dövlət Gömrük Komitəsində ABŞ-ın Narkotiklərlə Mübarizə Administrasiyasının Ankara ofisinin rəhbərliyi ilə görüş keçirilib.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, görüşdə iki qurum arasındakı işgüzar münasibətlərdən bəhs olunub, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
ABŞ-ın Narkotiklərlə Mübarizə Administrasiyasının əməkdaşlarının potensialının gücləndirilməsi baxımından Azərbaycan gömrüyünə göstərdiyi dəstək yüksək qiymətləndirilib, narkotik vasitələrin şərqdən-qərbə, xüsusilə Avropaya daşınmasına qarşı mübarizədə Azərbaycan gömrüyünün fəaliyyətinin önəmi qeyd olunub.