İranda universitetlər hökumət əleyhinə etirazlar fonunda böyük döyüş meydanına çevrilib

Oktyabrın 19-da onlarla tələbə Tehranın Əllamə Təbatəbei Universitetinin hüquq fakültəsi qarşısında etiraz aksiyası keçirib. Etirazçılar hökumət rəsmisi içəridə keçirilən konfransda çıxış edərkən “şərəfsiz, şərəfsiz” deyə şüarlar səsləndirib.

Sentyabrın 16-da İranın əxlaq polisi tərəfindən hicab qanununu pozduğuna görə saxlanılan 22 yaşlı qadın Məhsa Əmininin ölümündən sonra ölkədə etirazlar səngimək bilmir.

Təhlükəsizlik qüvvələri ölkə boyu nümayişçilərə qarşı zorakılıq tətbiq edib. Çoxlu sayda insan öldürülüb, yüzlərləsi isə yaralanıb və bir neçə min insan həbs edilib.

Ölkədə hökumət əleyhinə etirazlar beşinci həftədir tüğyan etdiyi bir vaxtda universitetlər etirazçılarla hakimiyyət arasında böyük döyüş meydanına çevrilib.

“Etirazların arxasındakı aparıcı qüvvə universitetlərdir və onlar etiraz hərəkatını ayaqda qalması üçün yanacaqla təmin edir,” Vaşinqtonda yaşayan siyasi analitik və bir zamanlar İranda fəallığına görə həbs edilən keçmiş tələbə lider Əli Əfşari deyir.

Bir çox tələbənin dərsə getməkdən imtina etdiyi universitetlərdə, xüsusən də Tehranda çoxsaylı etiraz aksiyaları keçirilib. Etiraz edən tələbələr mitinqlər zamanı “qadın, həyat, azadlıq” və “diktatora ölüm” şüarları səsləndiriblər. Bəzi qız tələbələr baş örtüklərini çıxarıb yandırıb.

Hakimiyyət isə universitetdəki etirazları zorakılıqla dağıdıb, onlarla tələbəni döyüb və həbs edib.

Ən şiddətli insident oktyabrın 2-də Tehranın nüfuzlu Şərif Texnologiya Universitetində baş verib. Təhlükəsizlik qüvvələrinin universitetə basqın etməsindən sonra 30-dan çox tələbə saxlanılıb.

İrandan kənarda fəaliyyət göstərən monitorinq qrupları son bir ayda 200-dən çox tələbənin saxlanıldığını sənədləşdirib. Lakin onlar bununla belə real rəqəmin daha çox olduğunu düşünür.

Human Rights Watch təşkilatının İran üzrə baş tədqiqatçısı Tara Sepehrifar deyir ki, İran universitetlərində keçirilən etirazlar “çox məhdudlaşdırıcı şərtlər” qarşısında səfərbər olan tələbələrin “müqavimətinin sübutudur”.