Sudanın cənubunda iki gündür baş verən toqquşmalarda ən azı 150 nəfər ölüb

Sudanın cənubundakı Mavi Nil əyalətində baş verən etnik toqquşmalarda uşaqlar da daxil olmaqla ən azı 150 nəfər həlak olub. Toqquşmaya səbəb torpaq üzərində mübahisələr olub. Bu haqda məlumatı oktyabrın 20-də yerli həkim verib.

Mavi Nildə toqquşmalar keçən həftə Hausa xalqının üzvləri ilə rəqib qruplar arasında torpaq üzərində mübahisələrdən sonra baş verib. Sakinlər yüzlərlə insanın şiddətli atəşdən qaçdığını və evlərin yandırıldığını bildirib.

Döyüşlər paytaxt Xartumdan təxminən 500 kilometr cənubda, Roseires yaxınlığındakı Vad əl-Mahi bölgəsi ətrafında cərəyan edib.

“Çərşənbə və cümə axşamı arasında qadınlar, uşaqlar və qocalar da daxil olmaqla ümumilikdə 150 nəfər öldürülüb” deyə Vad əl-Mahi xəstəxanasının rəhbəri Abbas Musa bildirib. O həmçinin əlavə edib ki, "zorakılıq nəticəsində 86 nəfər də yaralanıb”.

Toqquşmalar son ayların ən qanlı münaqişəsidir. Əyalətin paytaxtı Damazin şəhərində insanlar küçələrə çıxaraq yüzlərlə insanın ölümünə səbəb olan münaqişəni pisləyən şüarlar səsləndiriblər.

Şahidlərin dediyinə görə, cümə axşamı yüzlərlə insan yürüyüşdə iştirak edib, bəziləri əyalət qubernatorunun işdən çıxarılmasını tələb edib.

Birləşmiş Millətlər Təşkilatının Sudana yardım üzrə rəhbəri Eddi Rou oktyabrın 13-dən başlayan iğtişaşlarda "təsdiq edilməmiş 170 nəfərin öldüyünü və 327 nəfərin yaralandığını" bildirərək, davam edən döyüşlərdən "dərin narahatlıq duyduğunu" bildirib.