Azərbaycanda son doqquz ayda 4 ton 827 kiloqram narkotik vasit dövriyyədən çıxarılıb

Narkotik (Arxiv foto)

Bu ilin doqquz ayı ərzində Azərbaycanda ümumi dəyəri 168 milyon 635 min manat (təxminən 99 milyon dollar) olan 4 ton 827 kiloqramq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının 2022-ci ilin yanvar-sentyabr aylarını əhatə edən dövr üçün məlumatında deyilir.

Qeyd edilən dövrdə narkotik vasitələrin qanunsuz dövriyyəsində iştiraka görə 6249 nəfər məsuliyyətə cəlb olunub, onların 170-i qadındır. Məsuliyyətə cəlb olunanların 74-ü xarici dövlətlərin - 36-sı İran, 13-ü Rusiya, 10-u Türkiyə, 8-i Gürcüstan və digər ölkələrin vətəndaşlarıdır.

Əcnəbilərdən ümumilikdə 1039 kq narkotik vasitə və 4178 psixotrop maddə həbi müsadirə edilib.

Son günlərdə Azərbaycan hüquq-mühafizə orqanları İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Avropa ölkələrinə gedən yük avtomobillərindən bir neçə yüz kiloqram narkotik aşkar edib.

Azərbaycan hüquq-mühafizə orqanları demək olar ki, hər həftə İrandan ölkə ərazisinə gətirildiyi ehtimal edilən yüz kiloqramlarla narkotikin tutulması barədə məlumatlar yayır.

İranla sərhəddə narkotik qaçaqmalçıları ilə Azərbaycan sərhədçiləri arasında tez-tez atışmalar olduğu barədə rəsmi məlumatlar yayılır. Atışmalar zamanı bir neçə narkotacir, sərhədçi öldürülüb və ya yaralanıb.

Azərbaycan və İran rəsmilərinin görüşlərində narkotik qaçaqmalçılığının qarşısının alınması ilə bağlı məsələlər dəfələrlə müzakirə edilsə də, qanunsuz narkotik daşınması artmaqda davam edir.

Azərbaycanın Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, 2021-ci ildə qanunsuz dövriyyədən ümumilikdə 6 tondan çox narkotik vasitələr və psixotrop maddə çıxarılıb.

Komissiyasının digər məlumatında deyilir ki, Azərbaycandan bir neçə qanunsuz tranzit narkotik marşrutu keçir.

Bunlar İran - Azərbaycan, İran - Azərbaycan - Rusiya - Yaponiya, İran – Azərbaycan - Gürcüstan - Avropa, İran - Azərbaycan - Rusiya - Ukrayna marşrutlarıdır.