Niyə prezident sənədləri prezidentlərə məxsus deyil

Federal Təhqiqat Bürosunun (FBİ) ABŞ-ın keçmiş prezidenti Donald Trampın Florida ştatının Palm-Biç şəhərindəki Mar-a-Laqo malikanəsində apardığı axtarışla bağlı açıqlama verilməyib. Bununla belə, Ədliyyə Nazirliyi Trampın 2021-ci ilin yanvarında Ağ Evi tərk etdikdən sonra Floridadakı iqamətgahına aparılan məxfi məlumatları ehtiva edən qutuların aşkar edilməsini fəal şəkildə araşdırıb.

Nə üçün Trampın hakimiyyətdə olduğu dövrə aid zəng jurnalları, qaralamalar, çıxışlar, əlyazma qeydləri və digər sənədlər Milli Arxivin ixtiyarındadır?

"Prezident sənədləri Birləşmiş Ştatlar hökumətinin mülkiyyətidir və Milli Arxiv tərəfindən idarə olunur. Beləliklə, Milli Arxivdə saxlanılan bütün prezident sənədləri, materialları və qeydləri, bağışlanmış, ələ keçirilmiş və ya Prezident Qeydləri Aktı ilə idarə edilmiş olsun, federal hökumətə məxsusdur"- deyə, agentliyin baş əməliyyat müdirinin müavini vəzifəsini icra edən Meqan Rayan Quthorn bildirib.

1978-ci ilin Prezident qeydləri Qanununa görə bütün prezident qeydləri ictimaiyyətə məxsusdur və onlar baş komandan vəzifəsini tərk edən kimi avtomatik olaraq Milli Arxivin mühafizəsinə verilir. Bütün prezident kitabxanaları və muzeyləri Milli Arxivin tərkib hissəsidir. Keçmiş prezident Barak Obamanın prezidentlik kitabxanası ilk tam rəqəmsal kitabxana olacaq.

"Milli Arxivlər və Qeydlər İdarəsi Birləşmiş Ştatlar hökuməti üçün rəsmi sənədləri saxlayır. Qeydlərin yalnız təxminən 1-3%-i daimi qeydlər hesab olunur və bunlar ABŞ vətəndaşlarının hüquqlarını başa düşmək üçün vacib olan, seçilmiş məmurlarımızı öz hərəkətlərinə görə məsuliyyətə cəlb edən [və] tariximizi sənədləşdirən sənədlərdir" - deyə, Rayan Quthorn bildirib.

Prezident qeydləri heç də həmişə ictimaiyyətə məxsus olmayıb.

"Corc Vaşinqtondan Cimmi Karterə qədər prezident administrasiyasının sənədləri prezidentin uyğun gördüyü kimi istifadə edə bilməsi üçün şəxsi mülkiyyəti hesab olunur" , Rayan Quthorn bildirib.

Əksər baş komanandanlar prezidentlik sənədlərini 1940-cı ildə prezident Franklin D. Ruzvelt tərəfindən başladılan presedentlə təhvil verib. Bu, 1970-ci illərə qədər Prezident Riçard Niksonun Uotergeyt qalmaqalı zamanı öz qeydlərini, o cümlədən gizli lent yazılarını məhv etmək üçün mübarizə aparana qədər davam edib. Qalmaqal onun vəzifəsindən istefa verməsi ilə nəticələnib.

Konqres kasetlərdə prezidenti ittiham edə biləcək dəlillərdən şübhələnirdi. Qanunvericilər 1974-cü il prezidentlik qeydlərinin və materialların mühafizəsi haqqında qanunu qəbul edib və bu qanun yalnız Niksonun prezidentlik materiallarına şamil edilib. Uotergeyt ilə bağlı materialların NARA (National Archives and Records Administration) tərəfindən saxlanması barədə göstəriş verilib.

Sağlığında Nikson prezidentlik qeydlərini gizli saxlamaq üçün mübarizə aparıb. NARA hamısı olmasa da, Uotergeyt ilə əlaqəli yazıların əksəriyyətini alıb. Niksonun ölümündən sonra ailəsi onun prezident sənədlərini və digər materiallarını bağışlayıb.

Ağ Evin qeydlərinə daxil olanlar arasında tarixi sənədləşdirməkdə maraqlı olan Texas Universitetinin professoru Şennon Bou O'Brayen kimi prezident alimləri də var.

"Əgər bu materiallara çıxışımız yoxdursa, həqiqətə çıxışımız yoxdur. İnsanların bizə demək istədikləri və ya insanların bizim görməyimizi istədikləri bir çox cəhətdən yalnız seçilmiş həqiqətlərə çıxışımız olar və bu, həmişə doğru olmaya bilər".