Oktyabrın 6-da Bakı Hərbi Məhkəməsi hakim Elbəy Allahverdiyevin sədrliyi ilə ehtiyatda olan polkovnik Elnur Məmmədovu xüsusi ittiham qaydasında verilmiş şikayət əsasında 6 ay həbsə məhkum edib. O Cinayət Məcəlləsinin 147.2 (böhtan) maddəsi ilə təqsirli bilinib.
Elnur Məmmədov sosial şəbəkələrdə Müdafiə Nazirliyinin rəhbərliyini qanunsuzluqlarda ittiham etdikdən sonra Müdafiə Nazirliyinin Hüquq departamentinin rəisi Elçin Əliyev onunla bağlı xüsusi ittiham qaydasında məhkəməyə şikayət verib.
Ehtiyatda olan polkovnik Məmmədov müsahibələrində ehtiyata buraxılmamaışdan öncə vəzifəyə təyin edilməsi və general rütbəsi verilməsi üçün ondan rüşvət istənildiyini iddia edir. O 2017-ci ilin aprel-may aylarında çoxsaylı hərbçilərin işgəncəyə məruz qalması, bir neçə hərbçinin dindirilmə zamanı ölməsi ilə yadda qalan “Tərtər işi” haqqında da tənqidi fikirlər söyləyib, Tərtərdə hərbçilərə işgəncələr verilən zaman Elçin Əliyevin Müdafiə Nazirliyinin təhqiqat qrupunun rəhbəri olduğunu bildirib. Polkovnik Əliyevin Tərtər hadisələrində işgəncllərdə əlinin olub-olmamasının araşdırılmasının lazımlılığını deyib. Onun sözlərinə görə, Hərbi Prokurorluq araşdırmalara başlayanadək işləri daxili təhqiqat qrupu aparıb.
“Ölkə prezidneti və Hərbi Prokurorluq işə qarışmasa idi işgəncələr və öldürülənlərin sayı on dəfəyədək çox ola bilərdi,” Elnur Məmmədov belə iddia edir.
Müdafiə Nazirliyi ehtiyatda olan polkovnikin həbsinə hələ münasibət bildirməyib. Bununla yanaşı, nazirlik bir qədər əvvəl bildirib ki, Elnur Məmmədovun sosial şəbəkələr vasitəsilə yaydığı məlumatlar yalandır, heç bir əsası yoxdur.
"Uzun sürən onkoloji xəstəliyinə görə ehtiyata buraxılan və qəbul edilən qərarla razılaşmayaraq YouTube media paylaşım şəbəkəsində ölkə başçısına müraciət edən polkovnik Elnur Məmmədov özünün şəxsi maraqlarını və ambisiyalarını düşünərək artıq bununla bir neçə dəfədir ki, belə addımlara əl atır. Görünən odur ki, bu hal ehiyata buraxılan hərbi qulluqçuda vərdiş halına çevrilib," nazirlik bildirib.
Həbsə məhkum edilən ehtiyatda olan polkovnikin qardaşı Toğrul Məmmədov Amerikanın Səsinə müsahibəsində bildirib ki, məhkəmənin hökmü ilə razı deyillər, apellyasiya şikayəti veriləcək.
Your browser doesn’t support HTML5
“Qardaşım heç kimə böhtan atmayıb. Onun dediklərində yalan yoxdur. Elnur ölkə rəhbərliyinə müraciət edib ki, onu qəbul etsinlər, qanunsuzluqlarla bağlı məlumat versin. Müdafiə naziri polkovniki qəbul etmədi, əksinə onu vəzifəsindən azad etdi,” Toğrul Məmmədov Amerikanın Səsinə bildirib.
“Müdafiə Xətti” hüquq müdafiə təşkilatı polkovnikin həbsini ifadə azadlığının məhdudlaşdırılması kimi qiymətləndirir.
“Elnur Məmmədov vaxtaşırı hərbi idarəetmə siyasətində və Müdafiə Nazirliyinin rəhbərlərinin qeyri-qanuni hesab etdiyi hərkətlərini sosial şəbəkələrdə ictimailəşdirirdi,” “Müdafiə Xətti”nin icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə bildirib.
"Müdafiə Xətti" şübhə etmir ki, Bakı Hərbi Məhkəməsi Müdafiə Nazirliynin təzyiqi nəticəsində polkovnikin barəsində ittiham hökmü çıxarıb. “Müdafiə Xətti” Məmmədovun hüquqlarının ictimai müdafiəsi üçün imkanlarını səfərbər edəcək,” Səfərov qeyd edib.