Şamaxının Keçməddin kəndindən fotoreportaj
Bu dəfə yolumu Şamaxının Keçməddin kəndinə saldım. Bu kənd Şamaxının mərkəzindən təxminən 40 km aralıqda yerləşir.
Azərbaycan prezidenti İlham Əliyevin 27 avqust 2018-ci il sərəncamına əsasən kəndə yol çəkilməli idi. Amma sərəncamdan qeyd olunan məsələlər həllini tapmayıb. Yolun bir hissəsi asfaltlanıb, digər hissəsi isə olduğu kimi qalıb. Bu yollardan isə yalnız UAZ, Niva maşınları ilə keçmək mümkündür.
Əvvəllər kənddə 300-ə yaxın adam yaşasa da, hazırda kənd sakinlərinin sayı 60-a yaxındır. Kənddə illərdir qaz olmadığından insanlar hələ də odundan istifadə edir. İşsizlik əsas problem olsa da, odun almaq heç də geridə qalmayan problemdir. Bir maşın odunun qiyməti 350 manata qədər qalxır. Kənd sakinlərinin dediyinə görə, odunun qiyməti hər ay artır. Sakinlərin isə odun almağa imkanları yoxdur. Alternativ olaraq, meşəyə gedib qurumuş və yıxılmış ağac parçalarını toplayıb gəlirlər.
Uşaqlar məktəbə getmədiyindən kənd məktəbi rəsmi olaraq fəaliyyətini dayandırıb.
Kənd məktəbinin direktoru olmuş Cəmşid müəllim deyir ki, hazırda məktəb, seçki məntəqəsi kimi fəaliyyət göstərir.
Uşaqlar isə qonşu kənddəki məktəbə getmək məcburiyyətində qalırlar. Kənd məktəbinin qapıları yalnız seçkidən-seçkiyə açılır.
Kəndin klub və tibb məntəqəsi də atılmış vəziyyətdədir və xarabalığa bənzəyir.
Kənd sakini İntiqam müəllim deyir ki, əvvəllər kənd klubunda bir-birindən maraqlı filmlər izlənilirdi. Hazırda xarabalıq kimi atılıb bir qıraqda qalıb. Avadanlıqları isə sıradan çıxıb.
Rahib Qocayev 15 il kənd avtobusunda sürücü kimi çalışıb. O, əvvəllər kənd sakinlərini “1 məmmədə” (min manat) aparırdı.
Avtobus sonradan yolsuzluq şəraitindən sıradan çıxdı. Rahib kişi detallarının bir hissəsini satıb, qalan hissəsini də öz evinin anbarına qoyub.
Sakinlər deyir ki, illərdir ki, qazsız yaşayırlar: "Artıq öyrəşmişik, amma yolsuzluq bizləri əldən salıb." Hazırda sadəcə bir istəkləri var. O da, prezidentlin sərəncamını icra olunması, kəndin hər yerinə asfalt salınmasıdır.