Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan göndərilmiş şikayətlər üzrə növbəti qərarını açıqlayıb

Avropa İnsan Haqları Məhkəməsi oktyabrın 6-da Azərbaycandan göndərilmiş şikayətlər üzrə iki yeni qərarını elan edib.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının Monitorinq qrupunun rəhbəri Xalid Ağaliyev Amerikanın Səsinə bildirib ki, birinci qərar "Xural" qəzetinin və nəşrin baş redaktoru Əvəz Zeynallının qəzetdə dərc edilmiş məqalə ilə əlaqədar məhkəmə qərarı ilə bağlıdır.

Avropa məhkəməsi qəzetin Konvensiyanın 10-cu maddəsinə əsaslanan şikayətlərini qəbuledilən, ərizənin yerdə qalan hissəsini qəbuledilməz sayıb. Yekunda ifadə azadlığı hüququnun baş vermədiyi qənaətinə gəlib.

Hüquqşünas deyir ki, məqalədə yüksək rütbəli dövlət məmurunun parlament seçkisinə müdaxilə etdiyi iddia olunub, qəzet və baş redaktor məhkəməyə verilib, üzr istəmək, təkzib dərc etmək və 10 min manat təzminat ödəmək vəzifəsi qoyulan qərar çıxarılıb.

Ərizəçilər AİHM qarşısında ifadə azadlığı hüquqlarına müdaxilənin baş verdiyini iddia edirdilər.

Avropa məhkəməsində çıxarılan qərarlardan biri də Müsavat Partiyasının funksioneri Mustafa Hacıbəylinin və daha beş nəfərin şikayəti Bakıda kütləvi aksiya keçirmələrinə imkan yaradılmaması ilə bağlıdır. Ərizəçilər sərbəst toplaşmaq azadlığı, ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğunu iddia edirlər.

AİHM bu işdə ərizəçilərin toplaşmaq hüququna (Maddə 11) müdaxilənin baş verməsinə qərar verib. Digər iddialar üzrə incələməyə ehtiyac duymayıb.

Qərara əsasən, hökumət hər ərizə üzrə 4500 avro mənəvi zərər əvəzi ödəyəcək. Bu qərar 3 ərizə üzrə çıxarılıb: Mustafa Hacıbəyli, Hüseyn Malikov və Rafiq Daşdəmirov Azərbaycana qarşı, Tofiq Yaqublu və Rafiq Manaflı Azərbaycana qarşı, Gülağa Aslanlı Azərbaycana qarşı işləri. Hökumət 3 ərizə üzrə 6 ərizəçiyə ümumilikdə 13500 avro ödəyəcək.

Qərar hüquqi xidmətlərə görə hər ərizə üzrə 1500 avro ödənilməsini də nəzərdə tutur. Bundan başqa hüquqi məsrəflərə görə, Tofiq Yaqublu işi üzrə 55, G.Aslanlı işi üzrə 70 avro da ödənilməlidir.

Əvəz Zeynallı "Xural" qəzetini 2002-ci ildə yaradıb. 2011-ci il oktyabrın 19-da qəzetin əmlakı məhkəmə iddiaları üzrə çıxarılmış qərarlara görə müsadirə olunub. Ertəsi gün qəzetin nəşri dayanıb. Oktyabrın 28-də Əvəz Zeynallı həbs edilib. Külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilən Əvəz Zeynallı 2014-cü il dekabrın 30-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

2015-ci ildə Əvəz Zeynallı "Xural" internet televiziyasını təsis edib. 2022-ci il sentyabrın 10-da Əvəz Zeynallı külli miqdarda rüşvət almaq ittihamı ilə tutulub, sentyabrın 21-də ona vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamı da irəli sürülüb.

Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.

Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.