Xədicə İsmayıl: Biz imtiyaz istəmirik hökümətdən. Hesab edirik ki, jurnalistika imtiyazlı olmamalıdır

Your browser doesn’t support HTML5

Xədicə İsmayıl: Biz imtiyaz istəmirik hökümətdən. Hesab eliyirik ki, jurnalistika imtiyazlı olmamalıdır

Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl Amerikanın Səsinə müsahibəsində "Media Reyestrinin aparılması Qaydalarının" müstəqil jurnalistlərin fəaliyyətinə təsirlərindən, o cümlədən bundan sonra jurnalistlərin faəliyyətinin necə qurulmasından danışıb.

Amerikanın Səsi: Prezident İlham Əliyev sentyabrın 26-da imzaladığı Fərmanla "Media Reyestrinin aparılması Qaydaları"nı təsdiqləyib. Sizcə bu fərman müstəqil medianın fəaliyyətinə nə kimi təsirləri olacaq ?

Xədicə İsmayıl: Mən anladığım qədər bu "Media Haqqında qanun" və reyestrin yaradılması və s. bu mərhələli şəkildə həyata keçiriləcək və məhdudiyyətlər də bizə mərhələli şəkildə həzm elətdiriləcək. Hökümətin planı bundan ibarətdir. Biz bu hekayəni artıq bir dəfə görmüşük. "QHT haqqında "qanun tətbiq olunanda əvvəl mürtəce qanunu qəbul edirlər. Sonra onu mərhələ-mərhələ, addım-addım həyata keçirməyə başlayırlar. Elə olur ki, bütün məhdudiyyətlər birdən-birə gəlmir. Onları yavaş-yavaş, bir-bir cəmiyyətə həzm elətdirirlər. Əlbəttə ki, "Media haqqında" qanun olduqca mürtecedir. Onun bir çox müddəaları , o cümlədən reyestrlə bağlı müddəası mürtəcedir. Jurnalistləri bizimkilər və başqalarına ayırmaq məqsədi güdür, nəzarət altına almaq məqsədi güdür. Amma biz bu qanun qəbul edilməmişdən öncə və qəbul ediləndən az sonra biz hökümət rəsmilərindən, o cümlədən media agentliyi rəsmilərindən belə eşitdik ki, bu reyestr məhdudiyyət üçün deyil, imtiyaz üçündür. Biz imtiyaz istəmirik hökümətdən. Hesab eliyirik ki, ümumiyyətlə jurnalistika imtiyazlı olmamalıdır. Buna görə də, bu imtiyazlar üçün müraciət etməyəcəyik və o reyestrə də düşmək istəmirik. Biz jurnalistikanı reyestrdən də həyata keçirə bilərik. Bizim planımız budur. Amma bilmirəm hökümətin əsl planı nədir.

Amerikanın Səsi: Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına rəğmən sizin üzərinizdən hələ də məhkumluq götürülməyib. Bu sizin reyestrə daxil olmanız üçün maneə yarada bilərmi?

Xədicə İsmayıl: Bizim müraciət eləmək niyyətimiz yoxdur. Çünki bunu anti- konstitusion hesab edirik. Amma belə bir fikrim olsaydı, yenə də şansım olmayacaqdı. Nə freelancer kimi, nə də mediaya rəhbərlik edən şəxs kimi. Mənim belə bir şansım olmayacaqdı. Hətta bir neçə ay bundan əvvəl Toplum TV-yə baş redaktor gəlməmişdən öncə mən bu şansı dəyərləndirmək istəsəydim, bu müraciət şansını onda da o yəni qanuni məhdudiyyətlərim var idi. İndi də qanuni məhdudiyyətlərim var. Ona görə bizə bu imkan zatən tanınmır.

Amerikanın Səsi: Bundan sonra müstəqil media öz fəaliyyətini necə qurmalıdır?

Xədicə İsmayıl: Mənim özümün jurnalist olduğumu bilmək üçün və oxucularımızın, izləyicilərimizin məni jurnalist olaraq tanıması üçün mənim reyestrə ehtiyacım yoxdur. İzləyicilərimiz zatən bizim əməyimizi görür. Əməyimiz göz qabağındadır. Jurnalistika elə bir peşədir ki, burada gəlib yalan-palan danışmaqla alınmır. Ona görə mənim reyestrə ehtiyacım yoxdur ki, sübut eləsin ki, mən jurnalistəm. Mən jurnalistəm və onlar bununla heç nə edə bilməzlər. Hökümətin mənim jurnalist olduğumu danmağa potensialı çatmır.

Sentyabrın 26-da Prezident İlham Əliyev 21 dekabr 2021-ci ildə qəbul edilmiş "Media haqqında qanunun tətbiqi haqqında" fərman imzalayıb. Bu sənəddə Media Reyestrinin aparılması qaydaları təsdiq edilib.

Media Reyestrinin aparılması qaydalarına görə, reyestr -Medianın İnkişafı Agentliyi tərəfindən idarə olunan, media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatları əks etdirən elektron sənədlər və ya sənədlər toplusundan (sənədləşdirilmiş informasiyadan) ibarət informasiya ehtiyatıdır.

Media Reyestri Elektron hökumət sistemi vasitəsilə fəaliyyət göstərəcək. Reyestrin təhlükəsizliyini Dövlət Rabitə və İnformasiyanın təhlükəsizliyi xidməti həyata keçirəcək.

Reyestrdə media subyektləri, redaksiyalar və jurnalistlərin özləri haqqında məlumatlar əksini tapacaq.

Xüsusən, fiziki şəxs olan media subyektinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, vətəndaşlığı və daimi yaşadığı ölkə, məhkumluğunun olub-olmaması haqqında məlumat, VÖEN-i, loqotipi (emblemi), hüquqi və faktiki ünvanı, əlaqə məlumatları, hüquqi şəxs olan media subyektinin və (və ya) onun redaksiyasının (redaksiyalarının) adı, loqotipi (emblemi), VÖEN-i, hüquqi və faktiki ünvanı, əlaqə məlumatları qeyd ediləcək.

Fiziki şəxs fərdi sahibkar kimi vergi uçotuna alınmış olmadıqda, ali təhsili olmadıqda, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edildikdə, media subyekti ilə əmək müqaviləsi olmadıqda, reyestrə daxil edilməmiş media subyektində işlədikdə, jurnalistika sahəsi üzrə iş stajı 3 ildən az olduqda, jurnalist kimi fəaliyyət göstərdiyi müddətdə peşə etikası qaydalarına riayət etmədikdə reyestrə daxil edilməsindən imtina olunacaq.

Reyestrə daxil edilmiş hüquqi və fiziki şəxslərə şəhadətnamə və jurnalist vəsiqəsi verilir (üç illik).