ABŞ, Aİ rəsmiləri sosial şəbəkələrdə hərbi cinayət olduğu iddia edilən video görüntülərin araşdırılmasına çağırır

Birləşmiş Ştatlar və Avropa İttifaqı nümayəndələri sosial şəbəkələrdə Azərbaycan və Ermənistan əsgərləri tərəfindən hərbi cinayətlər olduğu iddia edilən video görüntülərlə bağlı narahatlıq ifadə edərək, videoların araşdırılması və məsuliyyət daşıyanların cəzalandırılmasına çağırıb.

ABŞ Azərbaycan əsgərləri tərəfindən erməni hərbi əsirlərin öldürüldüyü ilə bağlı verilən məlumatlarla bağlı dərin narahatlığını bildirib və iddia edilən görüntülərlə bağlı tam araşdırma aparılmasına çağırıb. Bu haqda ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays oktyabrın 3-də Twitter səhifəsidə mesajında bildirib.

“Birləşmiş Ştatlar Azərbaycan əsgərlərinin silahsız erməni hərbi məhbusları öldürməsi ilə bağlı son xəbərlərdən dərin narahatdır. Biz tam və qərəzsiz araşdırmaya çağırırıq. Hər hansı cinayətə görə məsuliyyət daşıyanlar cavab verməlidir,” Ned Prays yazıb.

Son günlər sosial şəbəkələrdə Azərbaycan və Ermənistan hərbçiləri tərəfindən güllələnmə və meyitlərin təhqir edilməsi göstərildiyi iddia edilən video görüntülər paylaşılıb. Ermənistan və Azərbaycan bir-birini hərbi cinayətlər törətməkdə ittiham edib. Videoların birində Azərbaycan əsgərləri tərəfindən erməni hərbi əsirlərin güllələndiyi, digər videoda isə Ermənistan hərbçilərinin Azərbaycan əsgərlərinə qarşı hərbi cinayət törədildiyi iddia edilir.

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda münaqişə üzrə xüsusi nümayəndəsi Toivo Klaar Twitter səhifəsində yazdığı iki tvitdə “erməni hərbi əsirlərin edam edildiyi daha bir dəhşətli videonun yayıldığını”, daha sonra isə ona “azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətləri əks etdirən bir neçə video göndərildiyini” yazıb.

O, videoların araşdırılmalı və həqiqi olduğu halda cinayəti törədənlərin məsuliyyətə cəlb olunmalı olduğunu bildirib. “Münaqişə hər iki tərəfdə dərin yaralar qoyub və onları sağaltmaq üçün cavabdehlik lazımdır,” Toivo Klaar bildirib.

Hərbi cinayətlərin törədiliyi iddia edilən video görüntülərin nə zaman baş verdiyi dəqiq məlum deyil, lakin onların bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədində baş vermiş son gərginliklər zamanı çəkildiyi ehtimalı irəli sürülür.

ABŞ və Avropa İttifaqı rəsmilərinin açıqlamaları oktyabrın 2-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Cenevrədə keçirilən ikitərəfli görüşün ardınca verilir.