Bakıda rəssam Əzim Əzimzadəyə həsr olunan “Bakı Dizayn Festivalı” keçirilib

Your browser doesn’t support HTML5

Bakıda rəssam Əzim Əzimzadəyə həsr olunan “Bakı Dizayn Festivalı” keçirilib.

İlk dəfə təşkil olunan bu festival çərçivəsində ziyarətçilər müxtəlif yaradıcılıq stendləri, art instalyasiyalarla tanış olmaq imkanı qazanıblar.

Festivalının əsas məqsədi yaradıcı şəxslər arasında fikir mübadiləsini təmin etmək, dizayn sahələrinə olan marağı artırmaq, yeni dizayn sahələrini təbliğ etmək və gənc sənətkarlara özlərini göstərmək imkanı yaratmaqdır.

Festivalın təşkilatıçısı Rəsul Həsən: "Buna kimi biz 2015-ci ildən "Qrafik dizayn Azərbaycan" qrupu adından Azərbaycan dizayn forumları təşkil edirdik. 2 ildir ki, pandemiya ilə əlaqədar fasilə verməli olduq. Bu il konsepti dəyişdik. Düşündük ki, forum formatını biraz genişləndirməliyik".

Festivalın yaradıcılıq zonasının əsas mövzusu qlobal istiləşmə və su problemlərinə yönəlib. Bununla bağlı rəssamlar damcı şəkilli maket üzərində rəsm çəkiblər.

Bundan başqa, qraffiti rəssamları onlar üçün ayrılmış xüsusi zonada öz yaradıcılıqlarını nümayiş etdiriblər.

Festival çərçivəsində bir sıra rəssam, fotoqraf, memar və dizayn sahəsində çalışan şəxslər öz təcrübələrini ziyarətçilərlə bölüşüb.

Rəsul Həsən növbəti festivallarda daha çox yaradıcı insanı bir araya toplamağı hədəfləyir: "Bakı Dizayn Festivalının saytından da elan vermişdik ki, kim istəyirsə öz əsərlərini nümayiş etdirə bilər. Lakin növbəti il biz seçimi az aparacağıq. Daha çox online qeydiyyat ilə edəcəyik. Artıq insanlar əl işlərini göndərsinlər. Hansı yaradıcılıq sahələrini, hansı əl işlərini sərgiləmək istəyirlərsə göndərəcəklər. Biz onlar arasından seçim aparacağıq".

Festival təşkilatçısının sözlərinə görə, növbəti illərdə festivalın Azərbaycanın digər böyük şəhərlərində, həmçinin, bir neçə günlük keçiriləcək.