Məhkəmə heyvan haqları müdafiəçilərinə hökm oxuyub

Heyvan haqları müdafiəçiləri Nicat İsmayılov, İlhamə Nəsirova, Aynur Babazadə və Elxan Mirzəyev vəkil Zibeydə Sadıqova (mərkəzdə) ilə birlikdə məhkəmə otağında.

Sentyabrın 27-də Xətai Rayon Məhkəməsində heyvan haqları müdafiəçilərinə hökm oxunub. "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin əməkdaşları Günel Musayeva və Cəlal Məlikov heyvansevər fəallar barəsində cinayət işi açılması üçün məhkəməyə müraciət edib.

İddia ərizəsində yazılıb ki, heyvansevərlər hər iki əməkdaşın fotosunu və "Toplan"da işlədiyini paylaşandan sonra onların müştərilərinin sayı kəskin azalıb. İddiaçılar onların ictimai nüfuzlarına xələl gətirildiyini əsas göstərirlər.

Təhqir və böhtan əməllərində ittiham olunan Aynur Babazadə, Nicat İsmayılov, Elxan Mirzəyev və İlhamə Nəsirovadan 100 000 manat məbləğində təzminat tələb edilib.

Müdafiə tərəfinin vəkili Zibeydə Sadıqova: “Biz hamımız bəraət istədik, çünki heç kim özünü təqsirli bilmirdi və onlar söyləyirdilər ki, konkret xüsusi ittihamçılara qarşı heç bir ədavətləri yoxdur. Əsas onların hədəfi onların "Toplan" Qayğı Mərkəzində olan itlərə edilən hərəkətlərə etiraz olub. Amma məhkəmə çox təəssüf ki, ittihamedici hökm çıxardı və 4 nəfər təqsirləndirilən şəxsin hamısına cərimə müəyyən etdi, bəzi maddələrlə bağlı hissədə bəraət verdi. Qarşı tərəfin mənəvi zərər hissəsi var idi ki, məhkəmə onu da təmin elədi və təqsirləndirilən şəxsləri müəyyən miqdarda mənəvi zərərə görə ödənişlərinin ödənilməsinə bağlı hökm verdi.”

Heyvansevərlər bir neçə dəfə "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin önündə etiraz aksiyası keçiriblər. Etirazçılar iddia edir ki, mərkəzdə küçədən toplanan itlər məhv edilir. Onların əsas tələbi mərkəzin ictimaiyyət qarşısında şəffaf fəaliyyət aparması, qapılarını könüllülərə açması, itlərə nə edildiyi haqqında onlara məlumat verilməsidir.

Fəallardan biri Aynur Babazadə məhkəmə hökmünü ədalətsiz hesab edir. O deyir ki, məhkəmə onu törətmədiyi əmələ görə cərimə edib.

Məhkəmə İlhamə Nəsirovanı 1000, Elxan Mirzəyevi 1000, Aynur Babazadəni 1500, Nicat İsmayılovu isə 2000 manat məbləğində cərimə edib. Mənəvi zərərə görə isə Aynur Babazadə 1000, Nicat İsmayılov 1000, İlhamə Nəsirova 700, Elxan Mirzəyev 500 manat məbləğində kompensasiya ödəməlidirlər.

İddiaçılar məhkəmədə iştirak etməyiblər.