Bayden BMT-də çıxışında Putinin Ukraynaya qarşı təcavüzünü pisləyib

Your browser doesn’t support HTML5

ABŞ prezidenti Co Bayden Rusiya prezidentinin müharibədə eskalasiya yaratdığı bir vaxt BMT-də çıxışında Vladimir Putinin Ukraynaya qarşı təcavüzünü pisləyib. Prezident Bayden Moskvanın BMT-nin Nizamnaməsinin əsas prinsiplərini utanmazcasına pozduğunu deyib.

ABŞ prezidenti Co Bayden çərşənbə günü Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışının əsas hissəsini Moskvanın qınanılmasına həsr etdi.

Prezident Co Bayden: “Gəlin açıq danışaq. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvü qonşu ölkəyə müdaxilə edib, suveren dövləti xəritədən silməyə cəhd edib”.

Dünya liderlərinin BMT-nin baş qərargahına toplaşmasından bir neçə saat əvvəl Putinin ölkədə qismən səfərbərlik elan etməsi ilə bağlı açıqlamaları mümkün nüvə hücumu ilə bağlı narahatlıqlara səbəb olub.

Vladimir Putin, Rusiya prezidenti: “Biz əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik. Bu blef deyil”.

Putin bu açıqlamaları Ukrayna qüvvələrinin ölkənin şimal-şərqində irəliləyişlərindən sonra verib.

BMT-nin “yalnız şəxsən nitq söyləmək” kimi qaydasından azad edilən yeganə lider olan Ukrayna prezidenti Volodimir Zelenski video bağlantı vasitəsilə çıxış edib.

Volodimir Zelenski, Ukrayna prezidenti: “Ukraynaya qarşı cinayət törədilib və biz ədalətli cəza tələb edirik”.

Putinin eskalasiyası BMT üzvləri arasında müharibədən potensial yorğunluq fonunda baş verir.

David Bosko, İndiana Universiteti: “Ukrayna və Ukrayna tərəfdarları üçün diplomatik nöqteyi-nəzərdən həqiqətən də düşünürəm ki, bu, münaqişəyə diqqəti artırmağa kömək etdi və yəqin ki, Rusiyanın artıq təcrid olunduğundan daha çox təcrid olunmasına səbəb oldu”.

Bayden BMT Təhlükəsizlik Şurasının genişləndirilməsini dəstəklədiyini bildirib. Daimi üzvlər olan Rusiya və Çin buna qarşı çıxır.

Prezident Co Bayden: “Bura uzun müddətdir dəstəklədiyimiz ölkələr üçün daimi yerlər və Afrika, Latın Amerikası və Karib hövzəsi ölkələri üçün daimi yerlər daxildir.”

Bayden qlobal ərzaq təhlükəsizliyi problemini həll etmək üçün 2,9 milyard dollardan çox yardım ayrıldığını bildirdi.

QİÇS, Vərəm və Malyariya ilə Mübarizə Qlobal Fonduna buundan daha böyük yardım elan etdi.

Prezident Co Bayden: “Bu o deməkdir ki, biz Qlobal Fonda daha 6 milyard dollar ayırmaq üçün Konqresdə tərəfdaşlarımızla işləyəcəyik”.

Prezident və birinci xanım Cil Bayden cümə axşamı Vaşinqtona qayıdıblar.