ABŞ-da qərargahlanan Xarici Siyasət Araşdırma İnstitutunun Avrasiya proqramının baş elmi tədqiqatçısı Stefen Blank Amerikanın Səsinə müsahibədə Cənubi Qafqazda sülh perspektivlərini, ABŞ və Avropanın Azərbaycanla Ermənistan arasında sülh razılığının imzalanmasına mümkün dəstəyini və Rusiyanın bu prosesdəki rolunu qiymətləndirib.
Amerikanın Səsi: Ötən həftə Azərbaycan və Ermənistan arasında döyüşlər baş verib və tərəflər bir-birini sərhəddə təxribatlarda günahlandırıb. Onlar artıq atəşkəs üzərində razılığa gəliblər. Sizcə, tərəflər arasında gərginliyə nə səbəb olub?
Stefen Blank: Eskalasiya müxtəlif səbəblərə görə baş verdi. Birincisi, danışıqlarda nəzərə çarpan irəliləyiş yoxdur.
Mən burada konkret olaraq heç kimi günahlandırmıram, lakin sülhün bərqərar olması üçün həll edilməli olan məsələlərin həllində heç bir irəliləyiş yoxdur.
Azərbaycan 2020-ci ilin noyabrında imzalanmış atəşkəs razılaşması nəticəsində Zəngəzur dəhlizinə haqqının olduğunu iddia edir. Amma görünür, bunu təmin etmək üçün heç bir iş görülməyib.
Deməli, Rusiya hazırda Ermənistanı müdafiə etmək üçün çox zəifdir.İran öz üzərinə heç bir öhdəlik götürməyəcək, və ya ən yaxşı halda bunu sözdə edəcək, amma heç bunu da etməyəcək.
Yəni, onların eskalasiya üçün imkanları var idi.
Mən uzun zamandır iddia edirəm ki, danışıqlar vasitəsilə ilə həll yolu əldə etməyin yeganə yolu ABŞ və Avropa İttifaqının vasitəçi qismində hər iki ölkəyə sülh qurmaq üçün təzyiq göstərməsidir. Əks təqdirdə silahlı məcburriyət olacaq. 2020-ci ilə qədər baş verənlərin çoxunu Ermənistan diktə edə bilirdi. İndi isə onlar 2020-ci il müharibəsində məğlub olduqlarına görə, bunu Azərbaycan edir. Bu isə sülh üçün zəmin yaratmır.
Amerikanın Səsi: Bəzi ekspertlər sizin söylədiyinizin əksini deyirlər və bildirirlər ki, xarici oyunçular tərəflər arasında sülh quruculuğunda çox rol oynaya bilməzlər və regionda davamlı sülhün yaradılması Ermənistan və Azərbaycandan asılıdır. Amma siz deyirsiniz ki, ABŞ və Avropa müdaxilə edib, prosesə yardım etməlidir. Bəs ABŞ və Aİ sülh quruculuğu prosesinə nə cür yardım edə bilər?
Stefen Blank: Birincisi, onlar səlahiyyətlərindən və güclərindən istifadə edib, həqiqi və davamlı danışıqlar başlada bilərlər. Bu hər şeydən vacibdir. Bu məsələnin təkcə Ermənistan və Azərbaycanın öhdəsinə buraxılmalı olduğuna dair arqument məsuliyyətdən yayınmaqdır. Mən bunu illərdir eşidirəm. Bəli, onlar tək başına sülh əldə edə bilməzlər. Kimsə müdaxilə etməlidir. Mən demirəm ki, güclə, amma müəyyən çəki və imkanlarla diplomatik yolla müdaxilə etməli və hər iki dövlət davamlı olaraq danışıqlara cəlb etməlidir. Yaxın Şərqdə İsrail ilə ərəb ölkələri arasında da bu baş verdi. Və bu, İsrail ilə ərəb ölkələri arasında münaqişələrin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarıb. Burada da eynisi baş verə bilər.
Günün sonunda, əlbəttə ki, Azərbaycan və Ermənistan sülhə razılaşmalıdırlar. Amma hər iki tərəf üçün məqbul sülh razılığının əldə olunması həm hər iki ölkənin, həm də deyərdim ki, Avropa İttifaqı və Birləşmiş Ştatların marağındadır. Etiraf etmək lazımdır ki, bu çətindir, amma qeyri-mümkün deyil, əgər qaçqınlar və bir çox başqa məsələlərdə güzəştlərin olacağı danışılsa və daha sonra dəhlizlər və sərhədlər məsələri həll olunsa və hər iki tərəf bir-biri ilə yaşamağı öyrənsə.
Bu gün Misir və İsrail arasında kifayət qədər yaxşı münasibətlər var. Bununla belə, bu, bir gecədə baş verməyəcək. Amma prosesə başlayıb, ona ciddi yanaşsan və onun üzərində işləsən, bir nəticə əldə edə bilərsən. Məncə burada da bu baş verməlidir.
Amerikanın Səsi: Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və diqqətinin oradakı döyüşlərə yönəltməsi fonunda, sizcə Rusiya bundan sonra nə qədər rol oynaya bilər. Moskvanın Qərblə hazırkı münasibətlərini nəzərə aldıqda, ABŞ və Avropa Cənubi Qafqazda sülhü təmin etmək üçün Minsk Qrupu çərçivəsində və ya başqa yollarla Rusiya ilə işləməyə razı olarmı?
Stefen Blank: Minsk Qrupunu unudun. Minsk Qrupu tamamilə uğursuz olub. İkincisi də, Rusiya sülhdə maraqlı deyil. Rusiya münaqişəni davam etdirməkdə və qoşunlarının orada qalmasını təmin etməkdə maraqlıdır.
Mən düşünmürəm ki, Birləşmiş Ştatlar və Avropanın Qafqazdakı zorakılıqların regional və beynəlxalq təhlükəsizliyə təhdud olduğunu dərk etməsi üçün Rusiya nə isə etməlidir. Biz dolayısı yolla Rusiyaya təsir dairəsinə malik olduğunu etiraf etməli deyilik. Bəli, Rusiyanın maraqları var, amma onlar nə sülhü gətirəcək nə də onu təmin edəcək.
Bu aydındır. Və mən düşünürəm ki, biz, belə desək, “Qodonu gözləmək” oyununu oynamamalıyıq, Moskvanı gözləməməliyik, çünki o zaman heç vaxt heç nə olmayacaq. Məncə tərəflər, yəni Ermənistan, Azərbaycan və hər hansı bir xarici vasitəçi Moskvanın rahatlıqla qəbul edə biləcəyi bir sülh nizamlanması hazırlaya bilərlər.
Amerikanın Səsi: Bu münaqişənin son 30 ildir davam etdiyini və sərhəddə vaxtaşırı döyüşlərin olduğunu nəzərə aldıqda, Ermənistanla Azərbaycan arasında sülh mümkündürmü?
Stefen Blank: Bəli. Bilirsiniz, Fələstində və daha sonra İsraildə 1910-cu ildən 1979-cu ildə birinici Kemp-Devid müqaviləsinə qədər ərəblərlə yəhudilər arasında münaqişələr olub. Bu, uzun vaxt alır və çox sayda faciələr və dağıntılar baş verir. Ancaq 1979-cu ildən bəri İsrail ilə qonşuları arasında çox sayda razılıqlar imzalanıb. Bunun Ermənistanla Azərbaycan arasında da baş verməməsi üçün heç bir səbəb yoxdur, o şərtlə ki, kimsə cəlb olunub, vasitəçilik etsin. Bu ölkələri, başqalarının da təklif etdiyi kimi, öz aqibətlərinə buraxsaq, heç nə baş verməyəcək. Orada sadəcə olaraq sonsuz zorakılıq silsiləsi olacaq. Türkiyə və Rusiya, o cümlədən İran da bundan öz maraqları üçün sui-istifadə edəcək.