Azərbaycan xarici işlər naziri Amerika yəhudi təşkilatlarının rəhbərləri ilə görüşüb

Azərbaycan xarici işlər naziri Amerika yəhudi təşkilatlarının rəhbərləri ilə görüşdə (Rəsmi foto)

Sentyabrın 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Amerika Yəhudi Komitəsi (AJC) və Amerika yəhudi təşkilatlarının koalisiyasının rəhbərləri və nümayəndələri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, görüş zamanı ABŞ-da yəhudi təşkilatları ilə əməkdaşlıq məsələləri və gələcək perspektivlər, regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Məlumatda deyilir ki, Bayramov Azərbaycanın bütün dünyadakı yəhudi icmaları ilə sıx əlaqələrin qurulmasına önəm verdiyini bildirib və ölkəsində çox sayda sinaqoq, məktəb, mədəniyyət mərkəzinin mövcud olduğunu vurğulayıb.

Xarici İşlər Nazirliyinin məlumatına əsasən, görüşdə həmçinin Cənubi Qafqaz regionundakı son vəziyyət, Qarabağ müharibəsindən sonra post-münaqişə dövründə həyata keçirilən tədbirlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

"Bayramov Azərbaycan tərəfindən azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verərək, işğal dövründə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılması, mədəni irsin talan edilməsi barədə danışıb.

Azərbaycanda mövcud olan dinlərarası harmoniya, tolerantlıq və multikulturalizm ənənələrinin, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda İslam dini ilə yanaşı, xristian, yəhudi və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqları yəhudi təşkilatlarının tərəfindən məmnunluqla bildirilib. Ölkəmizdə uzun əsrlər boyu sülh və əmin-amanlıq içərisində yaşayan yəhudi icmasının mövcudluğunun Azərbaycan və İsrail arasındakı güclü tərəfdaşlıq əlaqələrinin inkişafına əlavə güc verdiyi bildirilib," nazirliyin məlumatında qeyd edilir.

Məlumatda deyilir ki, görüşdə həmçinin Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə əlaqələrinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.