İranda gənc qadın Məhsa Əmininnin polis nəzarətində öldürülməsi fonunda ölkənin müxtəlif vilayətlərində etirazlar davam edir. Sentyabrın 20 və 21-də İran Azərbaycanının bir neçə şəhərində də küçə aksiyaları təşkil olunub.
Güney Azərbaycan Televiziyası (Günaz TV) və Aznews TV kimi xəbər saytlarının yaydığı məlumata görə, çərşənbə axşamı Təbriz, Zəngan, Urmiyə, Qəzvin və Həmədan kimi şəhərlərdə etirazçılar "məcburi hicab, bərabər hüquqlar və milli tələblər" ilə əlaqədar şüarlar səsləndiriblər.
Sosial mediada Təbrizdəki aksiyalardan paylaşılan videolarda aralarında çox sayda qadının olduğu etirazçıların ən çox "azadlıq, ədalət, milli hökümət" şüarını səsləndirdiyi görünür. Etirazçılar, həmçinin İranın ali lideri Seyyid Əli Xameneiyə qarşı şüarlar səsləndirib.
Sentyabrın 20-də Təbrizin Tibb Universitetinin tələbələri də etiraz aksiyası təşkil edib. Tələbələr aksiya zamanı əllərində üzərində "qadın cinayətləri siyasidir" və "əlini bədənimdən çək" kimi şüarların yazıldığı plakatlar qaldırıb.
SEE ALSO: İranda gənc qadının polis nəzarətində ölümü ilə əlaqədar etirazlar fonunda Tehrana təzyiqlər artırAmerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata əsasən, İran Azərbaycanında keçirilən etirazlar zamanı bir çox vətəndaş kollektiv şəkildə nəzarət altına alınıb.
Təbriz şəhərində tutulan etirazçıların kəşfiyyat qurumunun Saib küçəsindəki həbsxanasına göndərildiyinə dair məlumat yayılıb. Çərşənbə axşamı Təbriz küçələrində saxlanılan siyasi fəal Mehdi Həmidi Şəfəq İranın təhlükəsizlik qüvvələri tərəfində ağır şəkildə döyülüb.
İran rəsmiləri ölkənin əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra 22 yaşlı Məhsa Əmininin Tehranda ölümünü "bədbəxt hadisə" kimi xarakterizə edib, lakin etirazların paytaxta və digər şəhərlərə yayıladığı vaxt onun ölümünün pis rəftardan qaynaqlandığı ilə bildirir.
SEE ALSO: Simin Səbri: İslam Respublikası gücünü göstərmək üçün qadınlara təzyiqi artırırİranda son vaxtlar yoxsulluq və bahalığın artması ilə birlikdə İslam Respublikasının hakimiyyət orqanları hicab və iffət məsələsini vurğulamaqla qadınlara qarşı təzyiqləri də artırıb. Hüquq müdafiəçiləri polis qüvvələri, eləcə də qadınların geyiminə nəzarət üçün təyin edilən qüvvələrin xüsusilə İbrahim Rəisi dönəmində əhaliyə qarşı daha sərt davranmağa başladığını bildirirlər.