Sentyabrın 20-də Demokratiya 1918 Hərəkatının sədri Əhməd Məmmədliyə Səbail Rayon Polis İdarəsinin təqdimatı ilə Səbail Rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə 30 sutka inzibati həbs cəzası verib. O, bu gün günorta saatlarında bir neçə mülki geyimli şəxs tərəfindən İslam Səfərli küçəsində saxlanılıb.
Hərəkatın sədri məhkəmənin önündən polis maşını ilə aparılarkən bildirib ki, o sülh çağırışlarına və İlham Əliyevi tənqidlərinə görə həbs olunub. Əhməd Məmmədli 535.1-ci maddə ilə həbsinin əsassız olduğunu deyib. O deyir ki, bununla bağlı ona təzyiq göstərilib.
Müsavat Partiyasının üzvü Əziz Məmiyev sosial media hesabında Əhməd Məmmədlinin polis əməkdaşları tərəfindən aparılmasını canlı yayımlayıb.
Son günlər Əhməd Məmmədli öz Facebook hesabında sülh çağırışları və İlham Əliyevi tənqid edən bir neçə paylaşımlar edib.