Bazar günü Ermənistanda səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Azərbaycanın Ermənistana hücum etdiyini bildirərək onu pisləyib və baş verənləri "qanunsuz və ölümcül" adlandırıb. Azərbaycan tərəfi isə Pelosinin bəyanatının "ciddi təəssüf" doğurduğunu bildirib və irəli sürülən ittihamları "qəbuledilməz" adlandırıb.
Bu yaxınlarda baş vermiş sərhəd toqquşmalarında 200-dən çox adam həlak olub.
Yerevanda danışan Pelosi ABŞ-ın Ermənistanın suverenliyini dəstəklədiyini və özünü müdafiə etmək üçün nəyə ehtiyacı olduğunu bilmək istədiyini deyib.
ABŞ qanunvericisi hücumların "azərbaycanlılar tərəfindən başladıldığını və bunun tanınmasının lazım olduğunu" deyib.
Pelosi bildirib ki, Azərbaycanın Ermənistana hücumları demokratiya və avtokratiya arasında dünya miqyasında gedən mübarizənin bir hissəsidir.
Azərbaycan Xarici İşlər Nazirliyi yaydığı bəyanatda Nensi Pelosini "ermənipərəst siyasətçi" adlandıraraq nümayəndə heyətinin tərkibində Konqresin "ermənipərəst üzvlərinin" olduğunu vurğulayıb.
"Təəssüflə vurğulayırıq ki, ədalətdən danışan N. Pelosi Azərbaycana qarşı Ermənistanın təcavüz siyasəti, ərazilərinin 30 ilə yaxın davam edən işğalı, yüz minlərlə azərbaycanlının etnik təmizlənməsi və Ermənistanın məsuliyyət daşıdığı digər bu kimi ağır cinayətlərlə bağlı bugünədək məqsədli şəkildə heç bir mövqe nümayiş etdirməyib," bəyanatda deyilir.
ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana şənbə günü gəlib. Pelosinin səfəri Ermənistan və Azərbaycan qüvvələri arasında sərhəd toqquşmalarından bir neçə gün sonraya təsadüf edir.
Son eskalasiya Ermənistanın yaxın müttəfiqi Moskvanın Ukrayanada yeddi aydır davam edən müharibəyə başı qarışdığı vaxta təsadüf edib.
Təhlilçilər bildirib ki, toqquşmalar Qərbin Bakı və Yerevanı sülh sazişinə gətirmək səylərini pozub.