Sentyabr ayının 17-də Urmiyə gölü körpüsü üzərində keçirilən etiraz aksiyası ilə bağlı bir neçə fəalın nəzarət altına alındığı bildirilib.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən aksiyaya qatılan vətəndaşlar İranın kəşfiyyat qüvvələri tərəfindən saxlanılıb.
Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata əsasən, saxlanılan fəallardan Əli Hacıməhəmmədi, Həsən Rəvani və Adil İskəndəri ertəsi gün sərbəst buraxılıblar.
Hacıməhəmmədi, Rəvani və İskəndəri şənbə günü nəzarət altına alınaraq Urmiyə şəhərinin Doqquz Pillə məhəlləsindəki kəşfiyyat həbsxanasına aparılmışdılar. Fəalların yaxınlarının bildirdiyinə görə, onlar tutulduqları zaman və həbsxanada saxlanıldıqlarında məmurlar tərəfindən döyülüblər.
Son həftələrdə İran Azərbaycanın müxtəlif şəhərlərində Urmiyə gölündə yaşanan ekoloji faciə ilə əlaqədar təşkil olunan etiraz aksiyalarına qatılan bir çox fəal və vətəndaş nəzarət altına alınıb.
SEE ALSO: Mahmud Bilgin: Hakimiyyət istəyir ki, millət Urmiyə gölünün quruyacağını qəbul etsinİran hökumətinin Urmiyə gölünü canlandırmaq adına başlatdığı layihələrin bir çoxunun yarımçıq buraxıldığı, digərlərinin isə nəticə vermədiyi ortaya çıxdıqdan sonra son həftələrdə Urmiyə gölü məsələsi yenidən İran Azərbaycanında müxtəlif qrupların diqqət mərkəzindədir.
İran Azərbaycanının bir çox bölgəsində əhali bir neçə ildir Urmiyə gölündən gələn toz dumanlarından əziyyət çəkir. İran mətbuatına danışan ekspertlər gölün sahəsi kiçildikcə duz fırtınası təhlükəsinin artacağını bildirirlər.
Universitet profesoru və İran ətraf mühit mühafizəsi təşkilatının keçmiş başqan muavini İsmail Kəhromun sözlərinə görə, Urmiyə gölü qurusa, "altı ilə səkkiz şəhərin duz qatları altında qalaraq bütünlüklə məhv olacağı" təxmin edilir.