YEREVAN, ERMƏNİSTAN - ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi şənbə günü Ermənistana gəlib. Pelosinin səfəri Ermənistan və Azərbaycan qüvvələri arasında sərhəd toqquşmalarından bir neçə gün sonraya təsadüf edir.
2020-ci il İkinci Qarabağ müharibəsindən bəri ən qanlı toqquşmalar azı 215 adamın ölümü ilə nəticələnib. Cümə axşamı beynəlxalq vasitəçilərin səyləri sayəsində atəşkəs əldə olunub.
Pelosi deyib ki, onun səfəri "Birləşmiş Ştatların dinc, firavan və demokratik Ermənistana və sabit və təhlükəsiz Qafqaz regionuna möhkəm sədaqətinin qüdrətli simvoludur."
Ermənistan 1991-ci ildə Sovet İttifaqından müstəqillik əldə etdikdən bəri Pelosi Ermənistana səfər edən ən yüksək rütbəli ABŞ rəsmisidir.
Üçgünlük səfər "bizim təhlükəsizliyimizi təmin etməkdə böyük rol oynayacaq" , Ermənistan Parlamentinin spikeri Alen Simonyan səfərdən öncə jurnalistlərə bildirib.
Fransa və Rusiya ilə birlikdə ABŞ Minsk Qrupu vasitəçilərinə həmsədrlik edir. ATƏT-in bu qurumu on illərdir Bakı və Yerevan arasında sülh danışıqlarına vasitəçilik edib.
"Biz ATƏT Minsk Qrupunun həmsədri və Ermənistanın uzun müddətli dostu olaraq Birləşmiş Ştatların güclü və davamlı dəstəyini çatdıracağıq," Pelosi bəyanatda bildirib.
Son eskalasiya Ermənistanın yaxın müttəfiqi Moskvanın Ukrayanada yeddi aydır davam edən müharibəyə başı qarışdığı vaxta təsadüf edib.
Təhlilçilər bildirib ki, toqquşmalar Qərbin Bakı və Yerevanı sülh sazişinə gətirmək səylərini pozub.