Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçirilib

Özbəkistanın tarixi Səmərqənd şəhəri bu həftə geo-siyasi baxımdan mühüm zirvə toplantısına ev sahibliyi edib. Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Şi Tsinpin arasında Moskvanın Ukraynaya müdaxiləsindən sonra ilk görüş baş tutub. Rusiya Qərb sanksiyalarının təsirinin yüngülləşdirlməsi məqsədilə Çinlə ələqələrin gücləndirilməsinə çalışır. Sammit çərçivəsində bir sıra ikitərəfli və çoxtərəfli görüşlər keçirilib. Amerikanın Səsinin Özbək xidmətinin əməkdaşı Navbahor İmamova Səmərqənddə sammiti işıqlandırıb. Onun bildirdiyinə görə, Ukraynada müharibə və Azərbaycan-Ermənistan sərhədində son gərginliklər görüşlər zamanı müzakirə edilib.

Your browser doesn’t support HTML5

Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçirilib

“Çin və Rusiya liderləri arasında dünənki görüş burada ən böyük hadisə kimi qəbul edildi, lakin biz bu barədə çox az məlumat verildiyini eşitdik. Nümayəndə heyətləri təfərrüatları açıqlamayıblar. Biz bilirik ki, Ukrayna müzakirə olunub, lakin hər iki qrup öz bəyanatlarında çox qətiyyətli şəkildə bu danışıqların fikir ayrılıqları deyil, dostluq və ümumi maraqlara yönəldiyini bildiriblər. Ona görə də biz bu görüşlərin təfərrüatlarını bilmirik və təbii ki, Ermənistanla Azərbaycan arasında davam edən münaqişə və Qırğızıstan, Tacikistan arasında sərhəddə baş verən toqquşmalar sammidə çox diqqətə səbəb oldu və buradakı nümayəndə heyətləri bu məsələləri müzakirə etdilər.”

Prezident İlham Əliyev Səmərqənddə Türkiyə prezidenti Ərdoğan, Özbəkistan prezidenti Mirziyoyev, Çin və Rusiya liderləri də daxil olmaqla sammitdə bir sıra ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı Azərbaycan-Ermənistan sərhədində son gərginliklər və regional əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.

“İkitərəfli görüşlər deyərdim ki, ən çox xəbərlərə səbəb olan hadisələr idi. Ermənistanla Azərbaycan arasında baş verənlərə görə və Ermənistanın sammitdə təmsil olunmadığı üçün diqqətlər prezident Əliyevin üzərində idi, o da gördüyümüz kimi platformadan Ermənistanı tənqid etmək üçün istifadə etdi. O, faktiki olaraq hazırda baş verənlərə görə Ermənistanı günahlandırıb və təşkilatın digər üzvlərini Bakının mövqeyini dəstəkləməyə çağırıb. Amma Ermənistandan heç nə eşitmədik. Buna görə də bir çox cəhətdən bu, obyektiv müzakirə deyildi. Biz başqa ölkələrdən bu münaqişə ilə bağlı heç nə eşitməmişik. Bildiyiniz kimi, Şanxay Əməkdaşlıq Təşkilatı, onun üzvləri Rusiya və Çindən başlayaraq öz daxili məsələlərini müdafiə edirlər və bir-birilərini daxili məsələlərinə müdaxilə etmək istəmirlər,” Navbahor İmamova deyib.

Onun sözlərinə görə, ölkə liderlərinin ikitərəfli görüşlərində iqtisadi əməkdaşlığın gücləndirilməsi və diplomatik münasibətlərin möhkəmləndirilməsi kimi qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi yer alıb. Rəsmi görüşlərlə yanaşı, sammit iştirakçıları qeyri-rəsmi tədbirlərdə də bir araya gəliblər.

“Prezident Ərdoğan və prezident Əliyevin dünən Səmərqənddə yay axşamı Özbəkistanın ev sahibliyi etdiyi tədbirdə dincəldiyini, digər Orta Asiya ölkələri və Rusiya, Çin liderləri ilə ünsiyyətdə olduqlarını gördük. Onları çox qeyri-rəsmi şəraitdə istirahət əhval-ruhiyyəsində gördük. Bu gün çoxtərəfli müzakirələr zamanı onlar ciddi şəkildə bütün bu məsələləri müzakirə etdilər. Amma mənim gördüklərimə əsasən, Azərbaycan çox diqqət cəlb edirdi. Onu nəzərdə tuturam ki, onlar prezident Əliyevi çox diqqətlə dinləyirdilər,” Navbahor İmamova bildirib.

2000-ci ildə yaradılna Şanxay Əməkdaşlıq Təşkilatına Qazaxıstan, Qırğızıstan, Hindistan, Çin, Rusiya, Pakistan, Özbəkistan və Türkmənistan daxildir. İran Səmərqənddə sammitdə Şanxay Əməkdaşlıq Təşkilatının tam üzvü olub. Əfqanıstan, Belarus və Monqolustan müşahidəçi, Türkiyə və Azərbaycan, eləcə də Ermənistan, Kamboca, Nepal və Şri Lanka isə təşkilatda tərəfdaş statusuna malikdir.