Volodimir Zelenski Avropa Komissiyasının sədri ilə görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının sədri Ursula Von Der Leyenlə danışıqlar aparmaq üçün onu cümə axşamı Kyivdə qəbul edir. Von Der Leyenin sözlərinə görə, Ukrayna üzvlüyə doğru irəlilədikcə, iqtisadiyyatlarımızı və insanları daha da yaxınlaşdıracaq.

Ukrayna Avropa İttifaqına üzv olmaq üçün fevralın sonunda, Rusiyanın işğala başlamasından bir neçə gün sonra müraciət edib. Avropa İttifaqı Ukraynaya namizədlik statusunu iyun ayında verib.

"Rusiya müharibəni başlayandan bəri Kyivə üçüncü səfərimdir. Çox şey dəyişib. Ukrayna artıq Avropa İttifaqına namizəddir", Von Der Leyen tvitter səhifəsində yazıb.

Özbəkistanda Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Ci Tsinpin arasındakı danışıqlar zamanı Ukrayna münaqişəsi gündəmdə olub.

Zelenski son gecə müraciətində Rusiyanın Ukraynanın Kriviy Roh şəhərinə qanadlı raket zərbələri endirdiyini və bunun yüz minlərlə mülki şəxsin asılı olduğu "hərbi obyekt olmayan" su anbarını zədələdiyini bildirib.

Ukrayna lideri, həmçinin bildirib ki, Ukrayna qüvvələrinin əks-hücum zamanı geniş əraziləri geri almasından sonra Ukraynanın şimal-şərqindəki Xarkiv vilayətinin demək olar ki, böyük hissəsi işğaldan azad edilib.

İşğaldan azad edilən şəhərlərdən biri də Zelenskinin çərşənbə günü əsgərlərlə görüşmək və göstərdikləri şücaətə görə təşəkkür etmək üçün səfər etdiyi İzyum şəhəridir.

"Ukrayna qüvvələri Xarkiv vilayətinin yeni azad edilmiş ərazilərinə nəzarəti gücləndirməkdə davam edirər. Rusiya qüvvələri əsasən Oskil çayının qərbindəki ərazilərdən çıxarılıb" , Britaniyanın Müdafiə Nazirliyi cümə axşamı bildirib.