ABŞ Dövlət katibi Antoni Blinken sentyabrın 12-də gecə saatlarda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrı telefon söhbəti zamanı “Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatlar, o cümlədən Ermənistanın atəşə tutulması ilə bağlı xəbərlərdən dərin narahatlığını” ifadə edib.
ABŞ Dövlət Departamentinin açıqladığı iki bəyanatda Blinkenin “hərbi əməliyyatlara dərhal son qoymağa” çağırdığı deyilir.
Dövlət katibi Blinkenin telefon söhbəti zamanı hərbi əməliyyatların dərhal dayandırılmasına çağırdığı və Birləşmiş Ştatların Ermənistan və Azərbaycan arasında və sülh yolu ilə nizamlanması üçün səy göstərəcəyini vurğuladığı bildirilir.
Dövlət katibi Blinken həmçinin Twitter səhifəsində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon söhbəti apardığını yazıb.
Blinken iki tvitdə ABŞ-ın Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatları dərhal dayandırmağa çağırdığını çatdırdığını qeyd edib.
Sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan sərhədinin bəzi istiqamətlərində döyüşlər başlayıb. Tərəflər döyüşlərin başlanılmasında bir-birini günahlandırır.
Azərbaycan-Ermənistan sərhədində hərbi əməliyyatlar Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 13-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerlə görüşü zamanı müzakirə edilib.
Məlumatda qeyd edilir ki, “Söhbət zamanı regionda sülhün və sabitliyin təmin olunması, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin davam etdirilməsinin vacibliyi vurğulanıb”.
Sentyabrın 13-də həmçinin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında baş tutan telefon danışığı zamanı da Azərbaycan-Ermənistan sərhədindəki gərginlik müzakirə edilib.
Karen Donfrid bölgədə artan gərginlik və hərbi toqquşmalardan narahatlığını diqqətə çatdırıb, hərbi əməliyyatların dərhal dayandırılmasına çağırış edib.