ABŞ humanitar minatəmizləmə əməliyyatlarına 2 milyon dollar yardım ayırıb

ABŞ Dövlət Departamenti

Regional sülhü və əməkdaşlığı təşviq etmək üçün Birləşmiş Ştatlar 2020-ci ilin payızında Cənubi Qafqazda Ermənistan və Azərbaycan qüvvələri arasında intensiv döyüşlərdən zərər çəkmiş ərazilərdə humanitar minatəmizləmə əməliyyatları üçün 2 milyon ABŞ dolları məbləğində yardım elan etməkdən məmnundur.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin məlumatında deyilir.

Dövlət Departamenti bildirir ki, münaqişə zonası boyunca minalar və partlamamış hərbi sursatlar mülki insanları öldürməyə və şikəst etməyə, iqtisadi inkişafı əngəlləməyə və köçkün icmalarının təhlükəsiz qayıtmasına mane olmaqda davam edir.

"2021-ci ilin noyabrında elan edilən 500 min dollara əsaslanaraq, ABŞ-ın yeni maliyyəsi ölümcül minaları və partlamamış hərbi sursatları təmizləmək üçün minatəmizləmə təşkilatlarının texniki imkanlarını gücləndirməsin davam edəcək. Bu səylər insan təhlükəsizliyinin gücləndirilməsində və köçkün icmalarının öz evlərinə qayıtmalarına və həyatlarını təhlükəsiz şəkildə bərpa etmələrinə imkan yaratmaqda mühüm rol oynayır".

Birləşmiş Ştatlar 1993-cü ildən bəri 100-dən çox ölkəyə minaların və partlamamış hərbi sursatların mülki əhali üçün yaratdığı təhlükələri aradan qaldırmaqla beynəlxalq sülh və təhlükəsizliyin təşviqi üçün 4,7 milyard dollardan çox sərmayə yatıraraq, adi silahların məhv edilməsi üzrə dünyanın ən böyük maliyyə dəstəkçisidir.